İyunun 28-də AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstiutunun
təşkilatçılığı ilə “Mahmud Kaşğari “Divanü lüğat-it-türk”- 950” mövzusunda
beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türk Dil Qurumunun
başqanı professor Osman Mert, Özbəkistan Respublikası Elmlər Akademiyası Əbu
Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru professor Bahrom
Abduxalimov, eləcə də Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti
fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyev, Dilçilik İnstitutunun əməkdaşları
və KİV nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkə
Prezidenti İlham Əliyevin fevralın 14-də andiçmə mərasimindəki çıxışı zamanı
Türk dünyası ilə əməkdaşlığı dövlət siyasətində əsas prioritet kimi
müəyyənləşdirdiyini və Türk Dövlətləri Təşkilatını vahid bir ailə kimi təsvir
etdiyini bildirib. Alim indiki tarixi mərhələnin Türk dünyası ilə inteqrasiyanın
genişlənmə imkanlarının daha da möhkəmlənməsinə xidmət etdiyini söyləyib, bu
istiqamətdə AMEA-da da mühüm işlərin görüldüyünü deyib.
Türk dünyasının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin məşhur
“Divanü lüğat-it-türk” əsərinin Azərbaycanda çap olunmasını əhəmiyyətli hadisə
kimi dəyərləndirən alim beynəlxalq tədbirin türk dövlətlərinin dostluğunun,
birliyinin daha bir parlaq nümunəsi olduğunu vurğulayıb. AMEA rəhbəri ana
dilimizdə işıq üzü görən qaynağın bundan sonra geniş tədqiqat obyektinə
çevriləcəyini vurğulayıb.
1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilmiş Birinci Türkoloji
Qurultayı xatırladan akademik İsa Həbibbəyli bildirib ki, bu qurultayda XX əsrin
əvvəllərində türkoloji elmi-mədəni mühitin aktual məsələlərinə toxunulub, latın
əlifbasına keçidlə bağlı qərarlar qəbul edilib. O, Türk dövlətlərinin ortaq
əlifbasının yaradılması, türkoloji elmlər sisteminin inkişaf etdirilməsi, beynəlxalq
miqyasda inteqrasiya proseslərinin daha da genişləndirilməsi kimi məsələləri 2026-
cı ildə baş tutacaq İkinci Türkoloji Qurultaya töhfə kimi dəyərləndirib.
Akademik İsa Həbibbəyli müsəlman dünyası üçün ən böyük təməl kitabın
“Qurani-Kərim” olduğunu, ondan sonra ədəbiyyatda və ictimai fikirdə Türk
dünyasını birləşdirən bir neçə möhtəşəm əsərin meydana çıxdığını deyib. Bildirib
ki, “Qurani-Kərim”dən sonra türk dünyası üçün ən böyük bədii əsər "Kitabi
Dədə Qorqud", ən böyük elmi əsər isə “Divanü lüğat-it-türk”dür.
AMEA prezidenti “Divanü lüğat-it-türk” əsərinin ilk dəfə ərəb dilindən
Azərbaycan dilinə özbək əsilli məşhur Azərbaycan alimi Xalid Səid Xocayev
tərəfindən tərcümə edildiyini diqqətə çatdırıb. O, Xalid Səid Xocayevin bu kitabın
tərcüməsinə görə “əksinqilabi pantürkist təşkilatın üzvü kimi Türkiyənin xeyrinə
kəşfiyyat işi aparmış şəxs” damğası ilə ittiham olunaraq 1937-ci ildə güllələnməyə
məhkum edildiyini və bununla da əsərin itmiş hesab olunduğunu bildirib. Alim
“Divanü lüğat-it-türk” əsərinin 86 ildən sonra – 2023-cü ildə Dilçilik İnstitutunun
arxivindən tapıldığını qeyd edib.
Akademik İsa Həbibbəyli bu əsərinin türk dillərinin tarixi inkişafını, tarixi
leksikologiyasını öyrənməkdə, müqayisəli qrammatikasını tərtib etməkdə əvəzsiz
mənbə olduğunu vurğulayıb. O, cari ilin mart ayında geniş ictimaiyyətin iştirakı ilə
ADA Universitetində kitabın təqdimatının keçirildiyini, həmçinin iyunun 24-də
Qırğızıstanın Bişkek şəhərində “Yazılışının 950-ci ildönümündə “Divanü lüğat-it
türk: Türk dünyasının ortaq dəyəri” mövzusunda beynəlxalq konfransın təşkil
olunduğunu diqqətə çatdırıb. AMEA rəhbəri cari ilin dekabrında isə "Divanü lüğat-
it-türk"ün 950 illik yubileyinin UNESCO çərçivəsində qeyd olunacağını
vurğulayıb.
Daha sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir
Məmmədli çıxış edərək “Divanü lüğat-it-türk” əsərini türk dünyası haqqında
dolğun məlumatların toplandığı “Türküstan” adlandırıb. Bildirib ki, nəşrdə XI
əsrdə türklərin yaşaması haqqında məlumatlar yer alıb, bugünkü türk xalqlarının
tarixi geniş əks olunub.
“Divanü lüğat-it-türk” əsəri türk dillərinin qrammatikası, zamanın
ensiklopediyasıdır”, - deyən professor Nadir Məmmədli vurğulayıb ki, kitabda ən
yüngül dilin oğuzların dili olduğu qeyd edilib.
O, həmçinin kitabın Osmanlı dövrünə gəlib çıxma tarixçəsi barədə məlumat verib.
Direktor kitabın tərcüməsini Azərbaycan türkologiyasının tarixində yeni
mərhələnin başlanğıcı kimi dəyərləndirib.
Diqqətə çatdırılıb ki, Mahmud Kaşğari “Divanü lüğat-it-türk” ensiklopediyasında
türksoylu xalqların dil-ağız özəlliklərini, ləhcələrini, milli-mədəni varlığını
toplamış, dövrünə uyğun qrammatika və yazı qaydalarını müəyyənləşdirmişdir.
Əsər yalnız lüğət deyil, türk tayfalarının dil-ləhcə fərqlərini, yayılma areallarını,
həyat tərzini, tarixini, mifologiyasını, folklorunu, mədəniyyətini öyrənməyə imkan
verən, XI əsrin əvvəllərində türk tayfalarının ləhcələri haqqında geniş məlumat
verən dialektoloji-etnoloji kitabdır.
Tədbirdə Türk Dil Qurumunun başqanı professor Osman Mert və Özbəkistan
Respublikası Elmlər Akademiyası Əbu Reyhan Biruni adına Şərqşünaslıq
İnstitutunun direktoru professor Bahrom Abduxalimov çıxış edərək “Divanü lüğat-
it-türk”ü keçmişimizi, dilimizi, kimliyimizi, tariximizi öyrənmək baxımından
qiymətli əsər kimi səciyyələndiriblər. Vurğulanıb ki, bu əsərlə türklüyün, türk
qrammatikasının təməli qoyulur.
Daha sonra akademik Nizami Cəfərovun “Mahmud Kaşğarinin tədqiqat metodu
haqqında”, professor Mahirə Hüseynovanın “Mahmud Kaşğari “Divan”ı və türk
dillərinin qrammatikası” və professor İsmayıl Kazımovun “Mahmud Kaşğari
“Divan”ı və müasir türk dilləri” adlı məruzələri dinlənilib.
Konfransda, həmçinin Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq
Fondun prezidenti fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyev, şair-
tərcüməçi Elxan Zal Qaraxanlı, tənqidçi və ədəbiyyatşünas Əsəd Cahangir çıxış
edərək “Divanü lüğat-it-türk”ün dünya tarixində yazılmış ilk türk lüğəti olduğunu
bildiriblər. Qeyd olunub ki, bu əsər yazıldığı dövrün xarakterik cizgilərini
müəyyənləşdirən, min il öncəki düşüncəni bu günə gətirən, tanıdan mötəbər bir
qaynaqdır.
Şrifti böyüt:
Çap et