Türklük təəssübü, türkçülük ideyası beş ortaq ədəbi abidəmizdə - Orxon-
Yenisey yazılarında, "Kitabi-Dədə Qorqud"da, Mahmud Kaşğarinin
"Divani lüğat-it-türk"ündə, Yusif Balasaqunlunun "Kutadqu-bilik"
poemasında, Xoca Əhməd Yasəvinin hikmətlərində öz ifadəsini tapmışdır.
Amma geniş mənada türkçülük məfkurəsi ən ardıcıl şəkildə, konkret
linqvistik, etnoqrafik, tarixi və folklor materiallarına əsaslanaraq
Mahmud Kaşğarinin "Divanü-lüğət-it-türk" kitabında əks olunmuşdur.
Bu səbəbdən də böyük alimi haqlı olaraq türkçülüyün banisi adlandıra
bilərik.
İlk türk ensiklopediyamız olan "Divani lüğat-it-türk"dən danışarkən
Azərbaycan türkologiya elminin inkişafına böyük töhfələr verən, Türk
dünyasının görkəmli alimi, Kaşğari irsinin araşdırıcısı, “Divanü-lüğət-it-
türk” kitabının tərcüməçisi və tərtibçisi, fədakar müəllim, əziz Ramiz
Əsgərin unudulmaz xatirəsinə ehtiramla onun tədqiqatlarına müraciət
etmək istəyirəm.
“Divani -lüğət-it -türk”ün Azərbaycan nəşrinə yazdığı ön sözdə Ramiz
Əsgər qeyd edir ki, Mahmud Kaşğari Qərbi Avropa maarifçiləri -
Russonu, Didronu, Volteri, Monteskyönü 7 əsr qabaqlamışdır. Divanın ən
mühüm özəlliyi dünya dilçiliyi tarixində müqayisəli metodun əsasını
qoyması, türk dillərinin müqayisəli qrammatikasını yaratması və zəngin
türk dilini köklü ərəb dili ilə qarşılaşdırmaq surətilə bu iki dilin
müqayisəsini aparmasıdır. Dillərin müqayisəsi sahəsində Mahmud
Kaşğari öz böyük xələfi "Mühakimət ül-lüğəteyn" əsərində türk dilinin
fars dili ilə müqayisəsini verən dahi mütəfəkkir Əlişir Nəvaini 4 əsr,
F.Ğrap, Ü.Qrim, V.Humbolt, R.Rask kimi məşhur dilçiləri isə təqrilən 8
əsr qabaqlamışdır.
Bu məsələni "Divan"ın Azərbaycan nəşrinə Ön söz yazmış Süleyman
Dəmirəl də vurğulayır. Süleyman Dəmirəl yazır ki:
"Türkologiyanın bahadırı M.Kaşğari yalnız türk dilçiliyinin deyil,
bütövlükdə dünyada tarixi-müqayisəli metodun, elmi dilçiliyin
banisidir".
Mahmud Kaşğari özü qeyd etdiyi kimi 10–15 il ərzində bütün türk ellərini
şəhər-şəhər, kənd-kənd, oba-oba gəzərək 30-dan yuxarı türk ləhcəsini
incəliklərinə qədər öyrənmişdir. Bu ləhcələrin (bu gün bir çoxu müstəqil
dillər olan) arasında oğuz, qıpçaq, bulqar, tatar, türkmən, başqurd, uyğur
adlarını xüsusi qeyd edirəm. Müəllif özü qeyd edir ki, "Mən türklərin,
türkmənlərin, oğuzların, çiğillərin, yağmaların, qırğızların şəhərlərini və
məskənlərini uzun illər başdan-başa dolaşdım, sözlərini topladım,
müxtəlif sözlərin xüsusiyyətlərini öyrəndim, yaddaşıma həkk elədim.
Mən onlara o qədər diqqət edirdim ki, türk, türkmən, oğuz, çiğil, yağma,
qırğız boylarının dilləri bütünlüklə məndə cəm oldu".
Deməli, bizim günümüzdə meydana çıxan ortaq türk dili məsələsini
doqquz əsr bundan qabaq Mahmud Kaşğari türk dillərini mükəmməl
mənimsəməkdə görürdü. Əsərdən gətirdiyim bu sitat başqa bir cəhətdən
də maraq doğurur. Kaşğari "türk, türkmən, oğuz" yazır, deməli, hər halda
ən azı bu üç xalqı bir-birindən fərqləndirir. Bu mənada qədim türklərin
varisləri bugünkü Anadolu türkləridirsə, türkmənlərin varisləri indiki
türkmənlərdisə, oğuzların varisi olmaq bizə, azərbaycanlılara düşür.
O da diqqətəlayiq bir məqamdır ki, tarixdə ilk türk xəritəsini yaradan da
məhz Kaşğari Mahmud olmuşdur və "Divan"da verdiyi dairəvi dünya
xəritəsində bizim vətənimiz Azərbaycan "ərzi Azərabadqan" şəklində
göstərilir.
Beləliklə, böyük dilçi, neçə-neçə dilin və ləhcənin bilicisi, ensiklopedist,
folklorçu, etnoqraf, tarixçi, ədəbiyyatşünas, coğrafiyaçı kimi müxtəlif
sahələri öz şəxsində cəmləşdirən Kaşğari Mahmud tarixdə ilk türkçü,
türkçülüyün banisi, nəzəriyyəçisi və fədakar təbliğatçısı kimi mövqe
qazanır. Əlbəttə, bu Mahmud Kaşğarinin unikal dahiliyi ilə bağlıdır,
amma eyni zamanda bu çoxtərəflilikdə dövrün də öz möhürü var.
Qaraxanlılar imperiyası tarixdə ilk türk-müsəlman dövlətidir. Türklərin
islamı qəbul etmələri nisbətən dinc yolla olmuş və Kaşğari iki dünyanın,
iki uyğarlığın, iki mədəniyyətin qovuşduğu bir dövrdə yaşamışdır.
Mahmud Kaşğari öz tarixi missiyasını ərəb dünyasına türk dilini və türk
dünyasını bütün əlvanlığı ilə tanıtmaqda görürdü.
M.Kaşğari “Divanü-lüğət-it-türk”lə yanaşı “Türk dilinin nəhvi” adlı ayrı
bir əsər də yazmış, amma çox təəssüf ki, bu əsər əlimizdə yoxdur. Hər iki
əsər təsdiq edir ki, M.Kaşğari eyni zamanda, türk dili qrammatikasının
ilk müəllifıdir, ilk dialektoloq və xalq ədəbiyyatı nümunələrini yazıya
alan ilk folklorçu olmuşdur. “Divan”dan türk boyları, türk adət-ənənəsi,
türk dastan və əfsanələri, ilkin türk şeir inciləri, atalar sözləri və məsəllər
barəsində zəngin məlumat alırıq. “Türk dilini öyrənin, çünki onların
uzun sürəcək səltənətləri olacaqdır, mənim bir ordum vardır, ona türk adı
verdim”,—deyən Məhəmməd peyğəmbərin bu mənalı kəlamları
M.Kaşğariyə öz sözlüyünü yaratmaqda ilham vermişdir.
M.Kaşğari türkün və onun dilinin gələcəyinə inanırdı. Bu dilin ərəb dili
ilə yarışa biləcək dərəcədə zəngin və gözəl olduğunu inamla bəyan edirdi.
“Divan”da 7500-dən artıq sözün izah və şərhini verən müəllif yazırdı ki,
“Həmən bütün türk boylarının dillərini, qafiyələrini əldə etdim, yalnız
unudulmuş kəlmələri bu kitaba aldım. Türk dilinə sonradan girmiş
sözləri yazmadım”. Yabançı sözləri yox, ancaq təmiz türk sözlərini lüğətə
daxil edən M.Kaşğari doğru bir elmi yol tutmuşdur. Mahmud Kaşğarinin
bir fikri də çox vacib və əhəmiyyətlidir, deyir ki, ən təmiz türk dili başqa
millətlərlə təmasda olmayan, yəni dilinə yad kəlmələr qarışmamış
türklərin dilidir. Böyük alim sanki gələcək əsrlərdə ərəb və fars dillərinin
ədəbi dilimizi qəliz izafətlərlə, yabançı sözlərlə yükləməsinin təhlükəsini
çox öncədən görürdü.
Türkologiya tarixində bu möhtəşəm ensiklopedik əsərin ərəb dilində latın
qrafikası ilə ilk tərcüməsi Xalid Səid Xocayevə məxsusdur. Xalid Səidin
əqidəsi və məfkurəsi türkçülük idi. Belə güman edilir ki, Xalid Səid həbs
olunan gecə NKVD əməkdaşları tərəfindən “Divanü lüğat-it-türk”ün
tərcüməsinin bir nüsxəsi müsadirə edilərək götürülmüş və alimin bir çox
əsərləri kimi, “Divan” da məhv edilmişdir. Xoşbəxtlikdən “Divanü lüğat-
it-türk” əsərinin tərcüməsi Dilçilik İnstitutunun arxivində qorunub
saxlanılmışdır. 2021-ci ildə Dilçilik İnstitutunun direktoru professor
Nadir Məmmədli akademik İsa Həbibbəylinin təşəbbüsü ilə kitabın
axtarışına çıxır və bu axtarış uğurla nəticələnir. Düz 86 ildən sonra
kəmtaleli kitabın taleyinə Günəş doğur, “şəhid bir alimin sahibsiz qalmış
elmi mirası”nın tapılma tarixi məhz o gündən başlayır − 19 yanvar 2022-
ci ildən.
Kaşğari irsinin günümüzə gəlib çatmasında böyük xidmətləri olan şəhid
alim Xalid Səid Xocayevə, Ramiz Əsgərə Uca Tanrıdan rəhmət diləyir,
əziz xatirələrini ehtiramla anırıq.
“Divanü -lüğət-it-türk”ün haqqında söz açdığım nüsxəsini itmək,
unudulmaq təhlükəsindən xilas edən dəyərli professor Nadir
Məmmədliyə bu fədakarlığına görə minnətdarlığımı ifadə edirəm.
Cavanşir Feyziyev Milli Məclisin deputatı, Mahmud Kaşğari adına
Beynəlxalq Fondun Prezidenti
Şrifti böyüt:
Çap et