20 iyunda Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik
İnstitutunda Elmi Şuranın iclası keçirilib. İclasda institutun 2024-cü il üçün 6 aylıq
hesabatı dinlənilib.
İclasda müəssisənin direktoru filologiya elmlər doktoru, professor Nadir
Məmmədli tədqiqat işlərinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət
Proqramı”nın icrası ilə bağlı olduğunu deyib. Nadir Məmmədli bildirib ki, hesabat
ilinin 6 ayı ərzində institutun 13 şöbə və 1 laboratoriyasında 1 istiqamət üzrə, 14
problem, 20 mövzu, 96 iş yerinə yetirilməktədir.
Müəssisənin elmi katibi filologiya elmləri doktoru, dosent Aynel xanım
Məşədiyeva hesabat məruzəsilə çıxış edib. Aynel Məşədiyeva bildirib ki, hesabat
ilinin 6 ayı ərzində Dilçilik İnstitutunun əməkdaşlarının 5 monoqrafiyası, 6
kitabı, 150 (30-u xaricdə dərc olmaqla (Türkiyə, Rusiya, Çexiya, Ukrayna,
Özbəkistan, Qazaxıstan, Qırğızıstan)) məqaləsi çap olunmuşdur.
Elmi müəssisənin şöbə müdirləri 2024-cü ilin altı ayı ərzində görülən işlər
barədə hesabatla çıxış ediblər. Şöbə müdirləri institutun bir neçə əməkdaşının
fəlsəfə və elmlər doktoru elmi dərəcəsi aldığını da diqqətə çatdırıb.
Hesabatda 2024-cü ildə institutda keçirilən beynəlxalq görüşlər, konfrans,
seminar və tədbirlər, kadr hazırlığı, elektron elmin vəziyyəti və mətbuatda və sosial
mediada institutun fəaliyyəti barədə də məlumat verilib.
İclasın sonunda AMEA Humanitar Elmlər Bölməsi tərəfindən təhkim edilən
Rəyasət Heyətinin elmi katibi dosent Səfa Qarayev çıxış edərək Dilçilik
İnstitutunun böyük ənənələrə malik olduğunu söyləyib və hesabat yarımilində elmi
müəssisənin fəaliyyətini müsbət qiymətləndirib. Həmçinin Türk dünyasının ən
qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk”
əsərinin I, II və III cildlərinin çapının da institutun nəşrləri içərisində elmi
əhəmiyyəti ilə diqqəti çəkdiyini Səfa Qarayev vurğulayıb.
İclasın qərarı ilə hesabat qənaətbəxş sayılaraq qəbul edilib.
Şrifti böyüt:
Çap et