“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub

Şrifti böyüt:
Çap et

Türk dünyasının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin II və III cildləri çap olunub. Kitab AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlinin rəhbərliyi ilə nəşr edilib.

Nəşrə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Ön söz” yazıb. Kitabın tərtibçisi, giriş və şərhlərin müəllifi professor Nadir Məmmədli, elmi redaktoru Türk Dil Qurumunun rəhbəri professor Osman Mertdir. Nəşrlər Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin 950 illiyinə həsr olunub.

Özbək əsilli məşhur Azərbaycan alimi, ötən əsrin 30-cu illərində SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında işləmiş Xalid Səid Xocayev “Divanü lüğat-it-türk” əsərini ilk dəfə ərəb dilindən Azərbaycan dilinə tərcümə edib. Əsəri 86 il sonra, 2023-cü ildə professor Nadir Məmmədli institutun arxivindən tapıb.

AMEA Rəyasət Heyətinin 2024-cü il 29 yanvar tarixli qərarı ilə Dilçilik İnstitutu tərəfindən çapa hazırlanıb “Elm” nəşriyyatında işıq üzü görən “Divanü lüğat-it-türk” əsərinin Xalid Səid Xocayev tərəfindən edilmiş tərcüməsinin elmi ictimaiyyətə çatdırılması türkologiya elminə ibrətamiz və əhəmiyyətli töhfədir. Bu, Azərbaycanda, ümumiyyətlə, Türk dünyasında “Divanü lüğat-it-türk”ün tərcüməsinin latın qrafikalı əlifba ilə yazılmış ilk tərcüməsidir.

“Divanü lüğat-it-türk” əsəri türkologiya elminin təməl daşıdır.