AMEA İ. Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Kübra Quliyeva görkəmli Kərküklü tədqiqatçı Əta Tərzibaşının anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “İraq-Türkman folkloru və ədəbiyyatı” mövzusunda Beynəlxalq elmi konfransda iştirak edib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilmiş, Azərbaycanla yanaşı Kərkükdən, İraqın digər şəhərlərindən, eləcə də Türkiyədən gələn tədqiqatçıların iştirak etdiyi tədbirdə institutun Dialektologiya şöbəsinin aparıcı elmi işçisi Kübra Quliyeva “İraq-Türkman folklorunda mövsüm mərasimləri ilə bağlı sözlər” mövzusunda məruzə etmiş, həm də konfransın bölmə iclaslarından birinin sədri olmuşdur. Alimimiz fəal iştirakına görə Folklor İnstitutunun “Təşəkkür bəlgəsi” və Azərbaycan-türkman əlaqələri sahəsindəki fəaliyyətinə görə Kərkük Kültür Dərnəyinin “Təşəkkürnamə”si ilə təltif edilmiş, ona Əta Tərzibaşının “Kərkük ağzı türkmanca sözlük” kitabı hədiyyə edilmişdir.
Beynəlxalq elmi konfrans, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Folklor İnstitutu və Kərkük Kültür Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Şrifti böyüt:
Çap et