AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin əməkdaşları tərəfindən ilin əvvəlindən indiyədək beş elmi məqalə çap olunub. Şöbə əməkdaşları xarici ölkələrdə dörd elmi məruzə ilə çıxış ediblər.
Bunu AZƏRTAC-a şöbənin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov bildirib. Onun sözlərinə görə, şöbədə bu il daha bir kitab çapdan çıxıb. “Qərbi Azərbaycan toponimlərinin həqiqətləri” adlı bu kitab “Vedibasar” qəzeti ilə birgə hazırlanıb. Kitabda Qərbi Azərbaycanın tarixi, coğrafiyası, onomastik vahidləri, folkloru, adət-ənənələri və məişəti haqqında müfəssəl məlumat yer alıb. Kitabda bölgənin coğrafiyası, hər kəndin, şəhərin, obanın, hətta məhəllənin belə tarixi ilə tanış olmaq mümkündür.
“Bundan başqa, 2 min səhifəlik “Tarixi Azərbaycanın toponimləri” adlı kitab hazırlayıram. Bu fundamental tədqiqat əsəri ölkəmizlə yanaşı, Güney və Qərbi Azərbaycanı, Gürcüstan, Türkiyə, İraq, Suriya və Əfqanistanı da əhatə edir”, - deyə şöbə müdiri əlavə edib.
Azərtac
Şrifti böyüt:
Çap et