AMEA Nəsimi adına Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsində, əvvəlki illərdə olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş “6.4.1. Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması” və istifadəsi istiqamətində azerbaycandili.az və korpus.azerbaycandili.az saytlarına yeni materialların daxil edilməsi, onların təhlili, yoxlanması, təkmilləşdirilməsi, zənginləşdirilməsi və saytlara texniki qulluqla bağlı zəruri işlər yerinə yetirilib.
Şöbədə korpus.azerbaycandili.az saytında təkmilləşdirilmə işləri aparılıb, ora konkordanslar bölümü əlavə edilib. Həmin bölümə ilin sonuna kimi Mikayıl Müşfiqin və Hüseyn Cavidin əsərlərinin konkordansının yeni təkmilləşdirilmiş variantının və “Kitabi-Dədə Qorqud” dastanlarının yeni tərtib edilmiş konkordansının yerləşdirilməsi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a açılamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Məsud Mahmudov bildirib. O qeyd edib ki, dünya elmində ilk olaraq müqəddəs dini kitablar - “Bibliya” və “Quran” mətnləri əsasında konkordanslar hazırlanıb. Mənbələrdə ilk konkordansın XIII əsrdə Hüqo de Sent-Şer tərəfindən 500 rahibin iştirakı ilə hazırlandığı göstərilir. XIX əsrdə Flügel tərəfindən müqəddəs Quranın konkordansının hazırlandığı və 1842-ci ildə Leypsiqdə nəşr olunduğu məlumdur. Müqəddəs Quranın tam konkordansı Sankt-Peterburq Universitetinin professoru Mirzə Kazımbəy tərəfindən 1859-cu ildə tərtib olunub. Hazırda kompüter texnologiyasının müasir inkişaf səviyyəsinə uyğun olaraq V.Sekspirin, M.Lomonosovun, A.Puşkinin, F.Dostoyevskinin, A.Çexovun, Q.Derjavinin, A.Axmatovanın və bir çox başqalarının əsərləri əsasında konkordanslar hazırlanıb.
Onun sözlərinə görə, konkordans ingiliscə Concordance – “razılıq”, “uyğunluq”; latınca Concordare – “razılığa gəlmək”, “razılaşdırmaq” mənalarında işlənir. Dilçilikdə konkordans – “kontekst söz göstəricisi”, “kontekstlər siyahısı”, ”mənbəyə istinad verilməklə hər hansı mətndə işlənmiş bütün dil vahidlərinin (söz-formaların) işlənmə siyahısı” anlamında qəbul edilir. Məsələn, “ana” sözünün axtarışı nəticəsində məlum olur ki, həmin söz “ Kitabi Dədə-Qorqud”da 141, Hüseyn Cavidin seçilmiş əsərlərində 197, Mikayıl Müşfiqin əsərlərində isə 120 dəfə işlənib. “Bizim tərtib etdiyimiz konkordansda həmin söz tərkibində olduğu cümlələrlə birlikdə siyahı şəklində, işləndiyi cild və səhifə göstərilməklə istifadəçiyə təqdim olunur. Konkordanslar hər hansı sözün semantik mənalarını və məna çalarlarını öyrənmək baxımından əhəmiyyətlidir. İstər nəzəri dilçilikdə sözün semantik təbiətinin araşdırılması, istərsə də müxtəlif lüğətlərin tərtibi prosesində konkordanslardan mənbə kimi istifadə oluna bilər. Mənim rəhbərliyim və tərtibçi kimi iştirakım ilə hazırlanmış konkordansların tərtibində şöbənin əməkdaşları filologiya elmləri doktoru, dosent Nərmin Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həbibova, elmi işçi Nigar Vəlizadə və proqramlaşdırıcı Vasif Həşimov iştirak ediblər”, - deyə Məsud Mahmudov əlavə edib.
Professor bildirib ki, konkordans materialının təhlili nəticəsində Hüseyn Cavidin seçilmiş əsərlərinin beşcildliyində ümumi söz sayının 186864 (I cild – 30356, II cild - 44284, III cild – 42 558, IV cild – 19680, V cild – 49986), Mikayıl Müşfiqin əsərlərində 77106, “Kitabi-Dədə Qorqud” dastanlarında isə 31902 olduğu müəyyən edilib.
“Azərbaycan dilçiliyində ilk olan konkordansların hazırlanması prosesində toplanmış təcrübə əsasında yaxın gələcəkdə bu sahədə aparılan işlərin davam etdirilməsi, yazılı tarixi abidələrin dilini və klassiklərin əsərlərini əhatə edən konkordansların hazırlanması nəzərdə tutulur. Bunlardan əlavə, Kompüter dilçiliyi şöbəsində Azərbaycan dilinin söz bazasının yaradılması və linqvistik işarələndirilməsi sahəsində də işlər aparılır”, - deyə şöbə müdiri fikrini yekunlaşdırıb.
Azərtac
Şrifti böyüt:
Çap et