Natiqlik sənətində ən çətin psixoloji məqamlar nitqi başlamaq və məntiqlə yekunlaşdırmaqdır. Nitqi elə başlayıb bitirməlisən ki, dinləyiciyə cazibədar görünsün, dediklərin dinləyicinin yaddaşına həkk olunsun. Ulu Öndər Heydər Əliyev bu baxımdan böyük məharət sahibi idi. Onun nitqi Azərbaycan nitq mədəniyyətinin inkişafında əsl nümunə idi. Təkcə Azərbaycanda deyil, dünyanın bir çox inkişaf etmiş dövlətlərinin mərkəzi şəhərlərinin ən yüksək tribunalarında Azərbaycan dili Ulu Öndərin dilindən səslənib, eşidilib.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Təranə Şükürlü deyib. O bildirib ki, Ulu Öndərin nitq və çıxışları ana dilinin zənginliklərini üzə çıxarır. Heydər Əliyevin yüksək nitq mədəniyyətinə sahib olmasının bir səbəbi dilimizə dərin sevgisi, sonsuz məhəbbəti idi: “Heydər Əliyevin dünya səviyyəsində siyasi lider, dövlət xadimi kimi tanınmasında onun dövlətçilik fəaliyyəti ilə yanaşı, natiqlik məharəti də ön planda olub. Ulu Öndərin nitqi öz səmimiliyi, zənginliyi, orijinallığı ilə dünyanın siyasi xadimlərinin nitqləri ilə müqayisə oluna bilər. Görkəmli dövlət xadimi Heydər Əliyev çıxışlarında şifahi nitqə üstünlük verir, yazılı məruzə və ya çıxışlardan, demək olar, imtina edirdi. Nitqlərində pauzalar, çıxışlarına incə yumor çalarlarının qatılması, mənalı nitq zamanı hazırcavab iradlar, ən başlıcası, nitq boyu hakim kəsilən səmimiyyət, bunlar hamısı Ulu Öndərin nitqindəki canlılığı şərtləndirən amillər idi”.
T.Şükürlü qeyd edib ki, Ümummilli Lider həm də əzəmətli görkəmi, baxışı, səsi ilə auditoriyanın diqqətini özünə çəkə bilirdi. Böyük natiq auditoriya ilə ünsiyyətə girir, sual verib cavab alırdı. Bu dahi şəxsiyyətin nitqindəki sistemlilik, ardıcıllıq və məntiqilik bütün çıxışlarında özünü göstərirdi. Bu xüsusiyyətlər birlikdə nitqə bir müdriklik, dahiyanəlik verirdi. Ulu Öndərin nitqlərinə nəzər salanda natiqlik sənətinin əsas xüsusiyyətlərindən, sirlərindən necə məharətlə istifadə etdiyinin şahidi oluruq. Nitqin gözəlliyi mövzuya uyğun parlaq sözlərin seçilməsində və fikirlərin məntiqi sistemindədir. Bu baxımdan dahi rəhbərin nitqləri əsil nümunə sayıla bilər. Heydər Əliyev nitqinin ən yüksək keyfiyyətlərindən biri onun səmimiliyidir. Bu səmimilik isə Ulu Öndərin humanizmindən, təbiətindən, daxilindən gəlirdi. Heydər Əliyev nitqindəki nəzərəçarpan başlıca cəhət onun bənzərsiz üslubudur. Bu, sözün əsl mənasında, Heydər Əliyev üslubudur. Müşahidələr göstərir ki, Heydər Əliyev üslubuna yalnız rəsmi üslub kimi baxmaq olmaz.
“Heydər Əliyevin çıxışlarında ədəbi dilin funksional üslubları bir vəhdətdə olurdu. Dahi liderin nitqinin ifadəli olmasının əsas şərtlərindən biri onun təfəkkürünün, düşüncəsinin müstəqilliyidir. Ulu Öndər zəngin söz ehtiyatına malik idi. Danışarkən duruxmaz, söz axtarmaq üçün fikirləşməzdi. Bu zənginlik nədən ibarət idi? Hər şeydən əvvəl, zəngin lüğət ehtiyatının olmasından, dilin qrammatik qanunlarını və üslubi imkanlarını mükəmməl bilməsindən irəli gəlirdi. O, nitqində lüzumsuz söz və təkrarlara yer vermirdi. Heydər Əliyevin nitqi zənginliyi, emosionallığı, mükəmməlliyi ilə bir örnək, onun ictimai-siyasi natiqlik sahəsindəki təcrübəsi, istedadı isə bir məktəbdir”, - deyə alim əlavə edib.
Azərtac
Şrifti böyüt:
Çap et