“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Şrifti böyüt:
Çap et

Mayın 8-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə çıxış edən Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli bildirib ki, Ümummilli Lider Heydər Əliyev hələ sovet hakimiyyətinin sərt qadağaları dövründə ana dilimizin qorunmasına xüsusi diqqət yetirib. Məhz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz əksini tapıb.

Alim vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin milli dil siyasətində dilə, dilin inkişafına hörmət və qayğıdan irəli gələn tədbirlərin həyata keçirilməsi sistem halındadır: “Ötən əsrin 70-ci illərində dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinin Dövlət Mükafatına layiq görülməsi məhz ana dilinə qayğı və hörmətlə bağlı idi. Ulu Öndərin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında görkəmli dövlət xadimi Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, vətəndaşlıq mövqeyi, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb”.

Ümummilli Liderin əsasını qoyduğu dövlət dil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini deyən Nadir Məmmədli ana dilimizin saflığının qorunması istiqamətində bir sıra sənədlərin imzalandığını diqqətə çatdırıb.

Sessiyada professor Sayalı Sadıqova “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, professor İsmayıl Məmmədli “Heydər Əliyevin dövlətçilik, idarəçilik və dil siyasəti qələbəmizin təməlidir”, dosent Xədicə Heydərova “Heydər Əliyevin siyasi natiqliyi”, dosent Təranə Şükürlü “Heydər Əliyev və nitq mədəniyyəti” mövzularında məruzələrlə çıxış ediblər. Məruzəçilər Ümummilli Liderin ana dilimizin qorunması istiqamətindəki xidmətlərindən, bu istiqamətdə atdığı addımlardan, müasir dövrdə ana dilimizin mövcud problemlərindən və həll yollarından danışıblar.