Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Şrifti böyüt:
Çap et

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər. İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

İclasda, müzakirəyə çıxarılan məsələlərdən biri Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin Xalid Səid Xocayev tərcüməsinin AMEA nəşrinin təqdimatı haqqında olub.

Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, yeni nəşr AMEA-nın Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən ərsəyə gətirilib və kitabın çapında institutun direktoru professor Nadir Məmmədlinin xüsusi xidmətləri var.

Əsərin sovet repressiyasının qurbanına çevrilmiş Xalid Səid Xocayev tərəfindən ilk dəfə olaraq türk dilləri arasında mükəmməl şəkildə Azərbaycan dilinə tərcümə olunduğunu qeyd edən AMEA rəhbəri tərcümənin yüksək səviyyədə həyata keçirildiyini, lakin tərcümənin bu variantının uzun illlər tapılmadığını diqqətə çatdırıb. Qeyd edib ki, Xalid Səidin tərcüməsi nəhayət Dilçilik İnstitutunun arxivindən tapılaraq çapa hazırlanıb və hazırda ictimaiyyətə təqdim olunur.

AMEA rəhbəri yaxın günlərdə Beynəlxalq Türk Akademiyası və TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı ilə birgə kitabın Bakıda geniş təqdimatının keçiriləcəyini vurğulayıb.

Tədbirdə, həmçinin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli və Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru akademik Şuxrat Siracəddinov çıxış edərək Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin nəşrinin dünya türkologiyasına ölkəmizin mühüm töhfəsi olduğunu bildiriblər.

science.gov.az