AMEA Nəsimi adına Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin
müdiri, filologiya elmləri doktoru, professor Məsud Mahmudov Türk Dünyası
Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və qurumun
“Beynəlxalq qızıl ulduz” medalı ilə təltif olunub. Dilçi-alimə üzvlük diplomunu və
medalı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının
Azərbaycan üzrə təmsilçisi, görkəmli alim, şair, texnika elmləri doktoru,
professor Elçin İsgəndərzadə təqdim edib. Elçin İsgəndərzadə qeyd edib ki, dilçi-
alim bu mükafata türk dünyası elmi və təhsili sahəsində üstün xidmətlərinə
görə layiq görülüb.
Professor Məsud Mahmudov bu mükafatı Azərbaycan elm adamlarının
səmərəli fəaliyyətinə verilən böyük qiymət kimi səciyyələndirib və əməkdaşı
olduğu AMEA Nəsimi adına Dilçilik İnstitutunun kollektivi adından Türk
Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına dərin təşəkkürünü
bildirib.
Qeyd etmək lazımdır ki, professor Məsud Mahmudov formal təhlil
sistemlərinin qurulmasının nəzəri və təcrübi problemləri, maşın tərcüməsi, statistik
leksikoqrafiya sahəsində respublikamızda və onun hüdudlarından kənarda
tanınmış mütəxəssisdir. “Kitabi-Dədə Qorqud”un və Məhəmməd Füzulinin
əsərlərinin linqvostatistik cəhətdən öyrənilməsi sahəsində dəyərli araşdırmaların
müəllifidir. Dilçi – alimin “Система автоматической переработки тюркского
текста на лексико-морфологическом уровне”, “Mətnin formal təhlili sistemi”,
““Kompüter dilçiliyi”, “ Türk dillərinin milli korpusları” kimi əsərləri informatika,
dil nəzəriyyəsi, maşın tərcüməsi və süni intellekt problemləri ilə məşğul olan
mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmiş, elmi ictimaiyyət tərəfindən
rəğbətlə qarşılanmışdır.
Şrifti böyüt:
Çap et