“GUYS” İB Milli Varlığın Təməli-Ana dili mövzusuna həsr olunmuş tədbir keçirib

Şrifti böyüt:
Çap et

“GUYS” İctimai Birliyi və “Qiraət Mərkəzi” birgə əməkdaşlığı çərçivəsində Milli Varlığın Təməli-Ana dili mövzusuna həsr olunmuş tədbir keçirib.

Birliyin Mətbuat xidmətindən bildirilib ki, “GUYS” İctimai Birliyinin nümayəndələri və fəal gənclərin iştirakı ilə tədbir başladı. Vətəndaşların daha çox xarici dillərə üstünlük verməsi, gündəlik dil vasitəsi kimi ana dilini yox, digər dilləri seçməsi, zamanla unudulan dünya dilləri, dil mövzusunda problemlər və həlli yolları ilə yanaşı digər uyğun mövzuların müzakirə olunduğu tədbirdə hər kəs fəal şəkildə iştirak etdi.

Tədbiri giriş nitqi ilə açan “GUYS” İctimai Birliyinin sədri Mehin Vəliyeva Şahin bildirib ki, Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən də hesab olunur. Dilini itirən xalq məhvə məhkumdur. Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir.

Daha sonra tədbirin qonaqları – Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Bakı Slavyan Universitetinin, Müasir Azərbaycan dili kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Kərimova, Dilçilik İnstitutunun şöbə müdiri,Toponimika şöbəsinin müdiri Elçin İsmayılov iştirak ediblər.

Ceyhun Məmmədov qeyd edir ki, Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi qəbul edildi. 2001-ci ilin iyulunda Ulu Öndərin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanı imzalandı. Eyni zamanda, həmin vaxtlarda Dil Şurası da yaradıldı. Çox keçmədi ki, 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu. Ümumiyyətlə, bu bir tarixi faktdır ki, dünyanın böyük liderləri içərisində, o cümlədən Türk dünyasında ümummilli lider Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb. Ana dili amilinin çox böyük əhəmiyyəti var idi. Çünki bu amil millətin özünüdərki üçün çox mühüm məsələ idi. Ona görə də o böyük tarixi şəxsiyyət Ana dilini milli dəyər səviyyəsinə qaldırmağı bacardı.

Sevinc Kərimova bildirir ki, əlifbaya keçid hər zaman çox mürəkkəb məsələ kimi böyük tarixi bir prosesi əhatə edir. Azərbaycanda çoxlu sayda əlifbalar dəyişib, lakin dəyişikliyin xalqımızın mədəniyyətinə, tarixinə, dilinə nə qədər ziyan vuran məsələ olduğunu çox gözəl dərk etmişik. Amma latın qrafikasına keçidin isə müsbət çəhətləri çoxdur. Bilirik ki, ölkəmizdə yeni əlifbaya keçid 10 ilə qədər davam edib. Bu proses ötən əsrin 90-cı illərin əvvəllərindən başlayıb, 2001-ci ildə isə yekunlaşdı.

Elçin İsmayılov qeyd edir ki, Günü-gündən qloballaşan dünyamızda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün ən zəruri məsələlərindən, ən vacib reallıqlarındandır. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dili 50 milyondan artıq soydaşımızı bir-biriylə birləşdirən və onları biri-biriylə doğmalaşdıran atributdur.

Tədbir sual-cavab və müzakirələr əsasında baş tutdu. Tədbirin mövzusu bu kimi müzakirə xarakterli fəaliyyətlərin icrasını zəruri hala çevirir. Tədbir “GUYS” İctimai Birliyi və “Qiraət Mərkəzi”nin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Qeyd olunub ki, ümumilikdə tədbirlər planının əsas məqsədi Azərbaycan xalqının mübarizə dolu, tarixi səhifəsinin gənclərə aşılanması, habelə Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi və kənar təsirlərdən dilimizin saflığının qorunması məqsədini daşıyır.