Nəsimi adına Dilçilik İnstitutunda doktorant və dissertantlarla görüş keçirildi

Şrifti böyüt:
Çap et

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin "Doktorant və dissertantlar üçün ixtisas fənnindən ictimai əsaslarla mühazirələrin təşkil edilməsi" haqqında 10 oktyabr 2023-cü il 18/9 saylı qərarını nəzərə alaraq AMEA Nəsimi adına Dilçilik institutunda doktorant və dissertantlara mühazirə keçəcək akademik heyət və mühazirə cədvəli müəyyənləşdirilərək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinə təqdim edilmişdir. Cədvələ uyğun olaraq 19 yanvar 2024-cü ildə Dilçilik İnstitutunda doktorant və dissertantlar üçün mühazirə təşkil edildi.

Giriş sözü ilə Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxış etdi. Çıxışdan öncə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən bu il Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi keçiriləcəkdir. Bu səbəbdən də ilk mühazirə Prezident sərəncamına uyğun olaraq Cümhuriyyətin dil siyasətinə həsr edilmişdi. Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri fil.ü.f.d., dos. Rasim Heydərov “Azərbaycan Xalq Cümhuriyyətinin dil quruculuğu və dil siyasəti” mövzusundakı çıxışında Azərbaycan Xalq Cümhuriyyəti dövründə aparılan dil siyasətinin əsas istiqamətləri şərh edildi.

Mühazirədən sonra aparılan müzakirələrdə Nəsimi adına İnstitutun direktoru professor Nadir Məmmədli, direktor müavini fil.ü.f.d., dos. Baba Məhərrəmli, elmi katib fil.e.d., dos. Aynel Məşədiyeva, şöbə müdirləri fil.e.d., prof. İlham Tahirov, fil.e.d., prof. Sayalı Sadıqova və İnstitutun doktorantları fəal iştirak etdilər.