17 yanvar 2024-cü il tarixində Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının növbəti tədbiri baş tutmuşdur. Tədbirin əvvəlində açılış nitqi ilə çıxış edən İnstitut direktoru, professor Nadir Məmmədli gənclərin institutun elmi və ictimai həyatındakı rolları barədə ətraflı danışmış və gənclərə öz tövsiyələrini vermişdir.
Daha sonra Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının əsasını qoyduğu “Dilçilik tribunası” layihəsi çərçivəsində Nəzəri dilçilik şöbəsinin elmi işçisi, fil.ü.f.d. Pərvin Bayramovanın “Ünsiyyətin verbal və qeyri-verbal növləri” adlı çıxışı dinlənilmiş, mövzu ətrafında müzakirələr aparılmışdır. Eyni zamanda son iki il ərzində “Dilçilik tribunası”nda müxtəlif mövzularla çıxış etmiş dörd gəncə təşəkkürnamə təqdim olunmuşdur.
Tədbirin davamında Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasında sədrlik müddətini başa vurmaq üzrə olan fil.ü.f.d, dos. Günel Orucova bu müddətdə görülən işlər barədə video-hesabat təqdim etmiş və ardınca növbəti illər ərzində fəaliyyət göstərəcək yeni GAMŞ heyətinin üzvləri seçilmişdir. İnstitut heyətinin ortaq qərarına əsasən, Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının yeni sədri vəzifəsinə Türk dilləri şöbəsinin elmi işçisi Arzu İsgəndərzadə, sədr müavini vəzifəsinə Kompüter dilçiliyi şöbəsinin elmi işçisi Nigar Vəlizadə, katib vəzifəsinə isə kitabxanaçı Talehə Bakıxanova seçilmişdir.
Sonda çıxış edən institut əməkdaşları Günel Orucovanın sədrlik dövründə fəaliyyətini yüksək dəyərləndirmiş, yeni heyətə uğurlar arzu etmişlər.
Şrifti böyüt:
Çap et