Dilçilik İnstitutunun kitabxanası ali məktəblərlə əlaqələrini genişləndirir

Şrifti böyüt:
Çap et

Bakı Qızlar Universiteti və Qərbi Kaspi Universitetinin kitabxana müdirləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olublar.

Görüşdə Dilçilik İnstitutu ilə Bakı Qızlar Universiteti və Qərbi Kaspi Universiteti arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli rəhbərlik etdiyi müəssisənin tarixi, fəaliyyəti, həyata keçirdiyi layihələr, o cümlədən ali məktəblərin kitabxanaları ilə əlaqələr haqqında məlumat verib.

Qərbi Kaspi Universitetinin icraçı prorektoru Rəşad Bağırov ali təhsil müəssisəsində kitabxananın strukturu, fondları, iş rejimi və xüsusiyyətləri, texniki təchizatı və mövcud imkanlarından danışıb. O, birgə əməkdaşlığın faydalı olacağını və bundan tərəfdaş kitabxana oxucularının da bəhrələnəcəyini bildirib. Daha sonra kitab mübadiləsi haqqında razılıq əldə olunub.

Bakı Qızlar Universitetinin kitabxana müdiri Aytac Eminova Dilçilik İnstitutunun kitabxanası ilə tanışlığından, müasir gəncliyin kitaba, ədəbiyyata maraq dairəsindən bəhs edib.

Dilçilik İnstitutunun kitabxanasının müdiri Sevil Zülfüqarova bildirib ki, ölkəmizin mədəni inkişafında kitab və kitabxana işinin mühüm rolu vardır. Kitabxana sahəsinin inkişafı yüksələn xətlə inkişaf etməkdədir. Bu gün institutun kitabxanası ali məktəblərlə əlaqələrini genişləndirir.

Sonda Dilçilik İnstitutunun nəşr etdirdiyi elmi-kütləvi ədəbiyyat nümunələrindən 135 nüsxə Qərbi Kaspi Universitetinin, 116 nüsxə isə Bakı Qızlar Universitetinin kitabxanasına təqdim edilib.