Fevralın 23-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini terminlərin orfoqrafiyası və orfoepiyası" mövzusunda elmi seminar keçirilib.
Tədbiri açan institutun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli bildirib ki, ölkəmizdə hər il din sahəsində çoxlu sayda əsərlər nəşr olunur. Dini nəşrlərin elmi və linqvistik keyfiyyətinin artırılması üçün vahid terminologiyanın yaradılması vacibdir. Həmin terminlərin Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarına uyğun yazılması, tələffüz olunması vacib məsələdir.
Seminarda filologiya elmləri doktoru Nəriman Seyidəliyev “Dini terminlərin Azərbaycan dilində işlənmə formaları” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, ərəb və fars mənşəli terminlərdən istifadə zamanı Azərbaycan dilinin qrammatik qaydalarına əməl olunmalıdır. Məsələn, Muhamməd deyil, Məhəmməd kimi tələffüz olunmalıdır. Allah-təala- Allah–taala, Allahü-əkbər- Allahu-əkbər, həci-hacı, cəmaət-camaat, sələvat-salavat kimi yazılmalıdır.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran, Dinşünaslıq ekspertiza şöbəsinin müdiri Nahid Məmmədov çıxış ediblər. Qonaqlar dini ədəbiyyatların nəşri və tərcüməsi, mövcud vəziyyəti və problemlərindən danışıblar.
Nahid Məmmədov qeyd edib ki, dini ədəbiyyatların dilimizə tərcüməsi zamanı yaxşı tərcümələrlə yanaşı, qüsurlu, Azərbaycan dili normaları ilə səsləşməyən, sintaktik qaydalara uyğun gəlməyən birləşmələrin, yad terminlərin üstünlük təşkil etdiyi tərcümələr də mövcuddur. Məlumdur ki, dini ədəbiyyat məzmun etibarilə spesifikdir, eyni zamanda, dini terminlərlə zəngin olur. Terminlərin düzgün ifadə olunması ilə yanaşı, ərəb-fars sözlərinin dilimizdə tam mənanı ifadə edə biləcək uyğun sözlərlə əvəzlənməsi də vacibdir.
Vurğulanıb ki, dini sözlərin və terminlərin yazılışında ciddi səhvlərə yol verilir, hədislərdə sözlərin tələffüzünə fikir verilmir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.
Şrifti böyüt:
Çap et