Azərbaycan dilçiliyində ilk

Şrifti böyüt:
Çap et

2023-cü hesabat ilini Nəsimi adına Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin əməkdaşları uğurla başa vurmuşlar. Nəzərdə tutulmuş bütün elmi- tədqiqat işləri, eləcə də plandankənar işlər tam şəkildə yerinə yetirilmişdir.

Məlum olduğu kimi, 2023-cü il respublikamızda “Heydər Əliyev ili” elan olunmuşdur. Yubiley çərçivəsində keçirilən tədbirlərdə “Kompüter dilçiliyi” şöbəsinin əməkdaşları da fəal iştirak etmişlər.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Beynəlxalq Ana dili gününə həsr olunmuş “İKT-nin Azərbaycan dili problemləri, Azərbaycan dilinin İKT problemləri “ Respublika elmi-praktiki konfransında ( 21-22 fevral 2023-cü il) şöbənin əməkdaşları filologiya elmləri doktoru, professor Məsud Mahmudov, filologiya elmləri doktoru, dosent Nərmin Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həbibova, böyük elmi işçilər Rəna Mahmudova və Maya Heydərova , elmi işçi Nigar Vəlizadə maraqlı məruzələrlə çıxış etmişlər.

Yubiley tədbirləri çərçivəsində “ Heydər Əliyev – Azərbaycan dili və azərbaycançılıq” kitabının ikinci nəşri çapdan çıxmışdır. Kitaba əvvəlki nəşrdə olmayan yeni fəsil əlavə olunmuşdur. “ Heydər Əliyevin Vətən konsepti və azərbaycançılıq məfkurəsi” adlanan yeni fəslin müəllifi İnstitutun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir. Həmin kitabın “ Heydər Əliyevin çıxış və nitqlərinin dilinin üslubi-qrammatik xüsusiyyətləri" adlanan üçüncü fəslinin müəllifi isə Kompüter dilçiliyi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məsud Mahmudovdur.

2023-cü hesabat ilində Kompüter dilçiliyi şöbəsinin ən böyük uğuru isə Azərbaycan dilçiyində bir ilk olaraq görkəmli Azərbaycan şairləri, repressiya qurbanları Hüseyn Cavidin və Mikayıl Müşfiqin əsərlərinin konkordansının hazırlanmasıdır.

Dünya elmində(dilçiliyində) V. Sekspirin, M. Lomonosovun, A. Puşkinin, F. Dostoyevskinin, A. Çexovun və bir çox başqalarının əsərləri əsasında hazırlanmış konkordanslar məlumdur.

Konkordans ing. Concordance –“ razılıq”, “uyğunluq”; lat. Concordare – “razılığa gəlmək”, “razılaşdırmaq” mənalarında işlənir. Dilçilikdə konkordans – “kontekst söz göstəricisi”, “kontekstlər siyahısı”,”mənbəyə istinad verilməklə hər hansı mətndə işlənmiş bütün dil vahidlərinin( söz-formaların) işlənmə siyahısı” anlamında qəbul edilir. Məsələn, əgər biz “afət” sözünü axtarışa versək, Hüseyn Cavidin və Müşfiqin bütün əsərlərində həmin söz tərkibində olduğu cümlələrlə birlikdə siyahı şəklində işləndiyi cild və səhifə göstərilməklə istifadəçiyə təqdim olunacaq. Konkordanslar hər hansı sözün semantik mənalarını və məna çalarlarını öyrənmək baxımından əhəmiyyətlidir. İstər nəzəri dilçilikdə sözün semantik təbiətinin araşdırılması , istərsə də lüğətçilikdə müxtəlif lüğətlərin tərtibi prosesində konkordanslardan mənbə kimi istifadə oluna bilər. Məlum olduğu kimi, izahlı lüğətlərdə sözün məna sahəsini, məna çalarlarının izahı zamanı həmin sözün müxtəlif cümlələrdə, kontekstlərdə işlənmə məqamları nümunə kimi göstərilir. Məsələn , “ Azərbaycan dilinin izahlı lüğəti”ndə “çörək “ sözünün bir çox mənaları və həmin mənalara uyğun cümlələr verilmişdir.

Filologiya elmləri doktoru, professor Məsud Mahmudovun rəhbərliyi ilə hazırlanmış konkordansın tərtibində kompüter dilçiliyi şöbəsinin əməkdaşları filologiya elmləri doktoru, dosent Nərmin Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həbibova, elmi işçi Nigar Vəlizadə və proqramlaşdırıcı Lalə Muradova iştirak etmişlər.

Konkordans Hüseyn Cavidin əsərlərinin beşcildliyi və Mikayıl Müşfiqin bütün əsərlərini əhatə edən kitab əsasında tərtib olunmuşdur.

Konkordans materalının təhlili nəticəsində Hüseyn Cavidin beşcildliyində söz sayının 533 300, cümlə sayının 59 857, Mikayıl Müşfiqin əsərlərində isə söz sayının 141 555, cümlə sayının isə 10 496 olduğu məlum olmuşdur.

Azərbaycan dilçiliyində ilk olan konkordansların hazırlanması prosesində toplanmış təcrübə əsasında yaxın gələcəkdə bu sahədə aparılan işlərin davam etdirilməsi, yazılı tarixi abidələrin dilini və klassiklərin əsərlərini əhatə edən konkordansların hazırlanması nəzərdə tutulur.