15 fevral 2022-ci ildə Ankara şəhərində TÜRKSOY Beynəlxalq Türk Kültürü Təşkilatı, Qazaxıstanın Ankara səfirliyi və Türk Dil Qurumunun (TDQ) əməkdaşlığı çərçivəsində "Qazax dilinin dönüş nöqtəsi: Ahmet Baytursunlunun anadan olmasınının 150 illiyi münasibətilə elmi toplantı" keçirilib. Açılış nitqini TÜRKSOY-un idarə heyətinin sədri Düsen Kaseinov, Qazaxıstanın Ankaradakı səfiri Abzal Saparbekuli və TDQ-nin sədri professor Gürer Gülsevin söyləyib. Toplantıda türk respublikalarının müxtəlif universitet, qurum və tədqiqat mərkəzlərindən nümayəndələr iştirak edib. Ölkəmizi toplantıda AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov təmsil edib.
E.İbrahimov elmi toplantıda "Qazax milli düşüncəsinin formalaşmasında Əhməd Baytursunoğlunun rolu" başlıqlı geniş məruzə ilə çıxış edib. O, çıxışında Əhməd Baytursunoğlunun həyat və yaradıcılığına nəzərə salıb, görkəmli elm fədaisinin qazax milli kimliyinin formalaşmasında, qazax dilinin inkişafında, Çar və Sovet Rusiyası dövründə Qazaxıstanda maarifçilik hərakatının təşəkkülündə və genişlənməsində misilsiz rol oynadığını diqqətə çatdırıb.
Toplantıda E.İbrahimov TÜRKSOY tərəfindən türkologiya və türk dünyası sahəsində apardığı araşdırmalara görə sertifikat və "Dyula Nemet-130" medalı ilə təltif olunub.
Şrifti böyüt:
Çap et