16 noyabr 2023-cü il tarixində AMEA Nəsimi adına Dilçilik İnstitutunda
institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana
Hümmətlinin “Türk dünyasının mümtaz oğlu Salman Mümtaz” adlı kitabının
təqdimat mərasimi keçirilib. Bişkekdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək
Fondunun sifarişi ilə Azərbaycan dilində nəşr olunmuş bu yeni kitab böyük Türk
oğlu, Azərbaycan ədəbiyyat və mədəniyyətinin görkəmli nümayəndələrindən biri,
ədəbiyyatşünas, mətnşünas, dilçi, şair, publisist Salman Mümtazın (1884-1941)
yaradıcılığına həsr olunub. Kitabın elmi məsləhətçisi filologiya elmləri doktoru,
professor Paşa Kərimov, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət
Yaqubqızı və şərqşünas, böyük elmi işçi Hacı Mustafa Mailoğludur.
Kitabda, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətlinin
Salman Mümtazın elmi, ədəbi, əlyazma irsi ilə əlaqədar apardığı tədqiqatların
nəticəsində aşkar etdiyi dəyərli faktlardan, xüsusilə, repressiya illərində itmiş və
nəhayət, arxivlərdən tapdığı və tədqiqata cəlb etdiyi “100 şair” təzkirəsindən və
bu günədək məlum olmayan, dil tarixi baxımından dəyərli “Ədəbi lüğət”indən
bəhs edilir. Həminə əsərlərdən bir hissə transfoneliterasiya edilərək ixtisarla ilk
dəfə oxuculara təqdim edilir.
Türk dünyasına misilsiz xidmətlərilə seçilən fədakar bir şəxsiyyətin – repressiya
qurbanı olmuş Salman Mümtazın yaradıcılığına həsr olunan bu kitabın qardaş
Qırğızıstanda, Bişkekdə, “Uluu Toolor” nəşriyyatında nəşri Türkdilli Dövlətlərin
Siyasətinə Dəstək Fondunun Prezidenti, Azərbaycan həqiqətlərinin, ədəbiyyat və
mədəniyyətinin yorulmaz təbliğatçısı Nüsrət Məmmədovun öz xalqına daha bir
gözəl töhfəsi kimi dəyərləndirilməlidir. Qeyd edək ki, Fond gələcəkdə kitabı qırğız
və rus dillərinə də tərcümə etdirməyi nəzərdə tutur. Tədbirdə müəllif, 2024-cü ildə
anadan olmasının 140 ili tamam olacaq Salman Mümtazın ictimaiyyətə təqdim
edilən bu əsərlərinin tam şəkildə nəşrə hazırlanaraq yubileyə hədiyyə olunacağını
bildirmişdir.
Təqdimat mərasimində İnstitutun Baş direktoru professor Nadir Məmmədlinin
açılış nitqindən sonra müəllif kitabın slaydını təqdim etmişdir. Daha sonra
məruzəçilər professor Sayalı Sadıqova “Salman Mümtazın irsinə yeni baxış” və
dosent Mətanət Yaqubqızı “Yeni bir tapıntıya dayanan əsər” mövzularında geniş məruzəylə çıxış etmişlər. Tədbirdə Salman Mümtazın nəvəsi, dəyərli ziyalı,
şərqşünas Urxun Qalabəyli, kitabı nəşr edən Fondun Prezidenti Nüsrət
Məmmədov, Dilçilik İnstitutunun alimləri, Folklor İnstitutundan dos. Şakir
Albalıyev, Sahibə Paşayeva, Azərbaycan Milli Kitabxanasının şöbə müdiri, tarix
ü.f.d. Gözəl Baxşəli, tanınmış yazıçı Kənan Hacı və digər ziyalılar, qələm sahibləri
maraqlı çıxışlar etmiş, kitabın müəllifinə yaradıcılıq uğurları arzulamışlar.
Şrifti böyüt:
Çap et