AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinin dialektologiyası şöbəsinin təşkilatçılığı ilə “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində dilçilik məsələləri” mövzusunda elmi sessiya keçirilib.
Elmi sessiya Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunub.
Açılış nitqi ilə çıxış edən Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli 1923-cü il noyabr ayının 2-də təsis edilmiş cəmiyyətin 6 illik fəaliyyətindən sonra onun əsasında Azərbaycan Elmi-Tədqiqat İnstitutu, sonralar SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı, nəhayət, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yaradıldığını söyləyib. Bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının sələfi olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin ölkəmizdə elmin təşkilatlanmasında və sistemləşdirilməsində olduqca böyük rolu var. Qeyd edib ki, 1926-cı ildə I Türkoloji Qurultayın keçirilməsi Cəmiyyətin ən təqdirəlayiq tarixi xidmətlərindəndir.
İclasda filologiya üzrə fəlsəfə doktoru Güntəkin Binnətova “Azərbaycan Tədqiq və Tətəbbö: professor Bəkir Çobanzadənin dialektoloji araşdırmaları”, dosent Səkinə Şərifova “Azərbaycan Tədqiq və Tətəbbö: akademik N.İ.Aşmarin”, dosent Qüdsiyyə Qəmbərova “Azərbaycan Tədqiq və Tətəbbö: professor İdris Həsənovun dilçilik görüşləri” və Aynur Saydova “Azərbaycan türk xalqları şivələri lüğətinin linqvistik xüsusiyyətləri” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrdə 1924-cü ildə Bakı Dövlət Universitetinin və Yeni Əlifba Komitəsinin dəvətilə Bakıya gələn professor Bəkir Çobanzadənin dialektologiya sahəsindəki fəaliyyəti ətraflı şərh edilib. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin hansı məqsədlə yaradılmasından, Aşmarinin bu Cəmiyyətdə və Azərbaycan dialektologiyasında rolundan bəhs edilib.
Şrifti böyüt:
Çap et