Xalqımız İlham Əliyevi prezident seçərkən Azərbaycanın bir çox problemləri var idi. Qarabağ problemi bütün ağırlığı ilə ölkəmiz üçün ağır yük idi. İqtisadiyyat çətin vəziyyətdə idi, ölkənin büdcəsi yalnız neft və neft məhsullarının hesabına formalaşırdı. Ətrafda olan böyük dövlətlər “beşinci kolon” vasitəsilə bəzən açıq-aşkar şəkildə Azərbaycanın daxili və xarici siyasətinə birbaşa təsir edirdilər. Rusiya, İran, ABŞ Azərbaycanda istədikləri vaxt siyasi sabitliyi pozan hərəkətlərə cəhd edir, bəzən də buna nail olurdular. Gənc Azərbaycan Prezidenti bütün bunları aradan qaldırmaq, ölkəni düşdüyü heç də asan olmayan vəziyyətdən çıxarmaq üçün birinci növbədə milli birliyi formalaşdırmaqdan ötrü işlər görməyə başladı.
Bunu filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov deyib. O bildirib ki, 2003-cü ildən etibarən siyasi partiyalarla, qeyri-hökumət təşkilatları ilə aparılan işlərin vüsəti genişləndi. Vicdanlı, qeyri-radikal müxalifət də səfərbər edildi. Xalq bütünlüklə öz Prezidentini dəstəkləyərək özünə “İlhamla irəli” devizini seçdi. Ölkə başçısının ikinci işi isə beynəlxalq müstəvidə siyasi fəaliyyətini genişləndirərək Azərbaycanın mübarizəsinin haqlı olduğunu, ədalətin bərpasına xidmət etdiyini dünyaya sübut etmək oldu. Onun paralel olaraq Rusiya, İran, Türkiyə və Qərblə apardığı işlər öz bəhrəsini verməyə başladı.
Alim vurğulayıb ki, Prezident İlham Əliyevin Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsinə nail olması və bu təşkilatda Ermənistan əleyhinə daha bir sənədin qəbul etdirilməsi onun apardığı işlərin nəticələrindən biri oldu. Azərbaycan Prezidentinin siyasi müstəvidə daha bir uğuru isə onun Qoşulmama Hərəkatının sədri seçilməsi və artıq neçə ildir ki, bu vəzifənin öhdəsindən layiqincə gəlməsidir. Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ən böyük ikinci siyasi təşkilatıdır. Bu təşkilatda onlarla nüfuzlu dövlətlər təmsil olunur.
“Azərbaycan Prezidenti İlham Əliyevin daha bir prioriteti ölkəmizin əhalisinin sosial müdafiəsini təşkil etmək, qeyri-neft sektoruna yatırımların artırılmasına nail olmaq, Azərbaycan kəndlərini infrastruktur vəziyyətini yaxşılaşdırmaq oldu. Bu gün artıq Azərbaycanda qazı, suyu, işığı, abad yolu, internet kommunikasiyası olmayan yaşayış məntəqəsi tapmaq çətindir. Kənd təsərrüfatının inkişafı üçün ayrılan qrant və kreditlər, kənd əhalisindən gəlir vergisinin tutulmaması, onlara sosial yardım kimi kənd təsərrüfatı heyvanlarının paylanılması, habelə iri təsərrüfatların qurulmasına edilən dövlət yardımı Azərbaycan kəndinin rifahını şərtləndirmişdir”, - deyə o əlavə edib.
“İlham Əliyevin bir Ali Baş Komandan kimi Azərbaycan Ordusunu dünyanın ən qabaqcıl ordularından birinə çevirməsi isə onun fəaliyyətinin “şah əsəridir”. Bu Ordu 44 gün və 23 saatda mənfur düşmənə diz çökdürməklə yanaşı, bütün dünyanı mat qoydu. Cənubi Qafqazda “maraqları olan” ölkələr gözlərini açıb-yumunca artıq uduzduqlarını dərk etdilər. Tarixdə çox sərkərdələr, dövlət xadimləri olub. Onların adları indi də tez-tez xatırlanır. Lakin Azərbaycan Ordusunun və onun Ali Baş Komandanının qazandığı bu uğurun tarixdə analoqu görülməyib. Azərbaycan xalqı öz rəhbərini indi artıq “xilaskar mələk” kimi təsəvvür edir.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin hakimiyyətə gəlməyinin 20 illiyi tamam oldu. Bu 20 il və bundan sonrakı illər Azərbaycan tarixinin şərəf səhifəsi kimi qızıl həriflərlə tarixə yazılacaq. Gələcəkdə bu dövrə Azərbaycan tarixinin “şərəf erası” deyəcəklər. Biz alimlər Prezidentimizin əsgəri olmaqdan, onun ideyalarını həyata keçirmək üçün əlimizdən gələni etməkdən fəxr duyuruq”, - deyə E.İsmayılov fikrini yekunlaşdırıb.
Şrifti böyüt:
Çap et