2 oktyabrda AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Turan Araşdırma
Mərkəzi” İB-nin təsisçisi, mərhum alim, Cavidşünas, tarixçi , türkoloq, ictimai-
siyasi və elm xadimi , professor Əjdər Tağıoğlunun “Zəngəzur toponimin qədim
etnogenez tarixi” kitabının təqdimatı olub.
İclası akademik Teymur Kərimli açaraq müəllifin tarixçi, elm xadimi kimi
səmərəli fəaliyyətindən, qələmə aldığı əsərlərdən söz açmışdır. Akademik
Teymur Kərimli bildirmişdir ki, Zəngəzur ərazisindəki toponimlərin hamısı
qədim türk adlarıdır, sonrakı dövrlərdə ermənilər bu yer adlarını dəyişdirərək,
tarixi saxtalaşdırmağa çalışmışlar. Kitab Zəngəzurun qədim türk-oğuz yurdu
olmasını tutarlı faktlarla təsdiq edən qiymətli mənbədir.
Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli Əjdər
Tağıoğlunu vətənpərvər bir insan kimi xarakterizə edərək vurğulamışdır ki,
alim yaradıcılığı boyu Azərbaycanın qədim torpaqlarından olan Zəngəzurun
tədqiqinə, onun tarixinin öyrənilməsinə böyük səy göstərmişdir. Təqdim
olunan kitab da məhz müəllifin doğma yurda olan sevgi və istəyinin
təzahüründən yaranmışdır.
İclasda Toponimika şöbəsinin müdiri dosent Elçin İsmayılov “Əjdər
Tağıoğlunun “Zəngəzur toponimin qədim etnogenez tarixi” əsərilə bağlı fikirlər”,
dosent Zülfiyyə Quliyeva “Əjdər Tağıoğlunun “Zəngəzur toponimin qədim
etnogenez tarixi” əsərində Atarpaten və Oğuz Albaniyası “, elmi işçi Ayşən
İsmayıllı “Əjdər Tağıoğlunun “Zəngəzur toponimin qədim etnogenez tarixi”
əsərində qədim Zəngəzurun kökü” adlı məruzələrlə çıxış ediblər.
Bildirilmişdir ki, müəllif öz əsərində regionumuzun qədim toponimik mənzərəsini
yaratmağa nail olmuşdur.
Tədbirdə yazıçı-publisist Yunus Oğuz, şair Rüstəm Behrudi, professor Sayalı
Sadıqova müəlliflə bağlı xatirələrini bölüşüblər.
Sonda Əjdər Tağıoğlunun oğlu, kitabın redaktoru iqtisadçı alim Cavid İsmayıl
tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.
Şrifti böyüt:
Çap et