Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumu sentyabrın 2-də işini Bakıda “Gülüstan” sarayında davam etdirir.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Forumun ikinci günündə “Teatr və kinonun inkişafında ədəbiyyat faktoru: əsərdən səhnəyə, səhnədən ekrana” və “Uşaq və yeniyetmələr arasında mütaliənin təbliği. Azərbaycan uşaq ədəbiyyatının vəziyyəti” mövzularında panel iclasları keçirilir.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Milli Kitabxanasının 100 illiklərinə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.
Panel iclaslarında “Müasir Azərbaycan dramaturgiyası və onun problemləri”, “Azərbaycan ədəbiyyatında teatr və kino platforması”, “Mütaliə və tamaşaçı mədəniyyətinin formalaşmasında medianın rolu”, “Kino sənətində dil və tərcümə problemləri”, “Ədəbiyyatın cəmiyyətə çatdırılması metodikası: beynəlxalq təcrübədə bu istiqamətdə tətbiq olunan innovasiyalar”, “Uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri”, “Mədəni və ədəbi qaynaqların müəyyənləşməsində uşaq ədəbiyyatı nə dərəcədə rola malikdir?”, “Uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılması üçün hansı maarifçi islahatlara ehtiyac var?”, “Uşaq ədəbiyyatına xüsusi dövlət qayğısının mexanizmləri: oxucu - naşir -müəllif qayğısının vəhdəti gözlənilən nəticəni verirmi?”, “Təhsildə ana dili və uşaq ədəbiyyatının rolu” mövzularda çıxışlar olacaq, məruzələr dinləniləcək.
Qeyd edək ki, tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin qatıldıqları Forumda mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatının rolu, ana dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği, teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə müzakirələr aparılacaq.
Mütəxəssislərin Forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti–2040” Dövlət Proqramında əksini tapacaq.
Şrifti böyüt:
Çap et