Fevralın 4-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda görkəmli Azərbaycan dilçisi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Ağamusa Axundovun anadan olmasının 90-cı ildönümü münasibətilə “Ağamusa Axundov və Azərbaycan dilçiliyi” mövzusunda elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə açan müəssisənin baş direktoru professor Nadir Məmmədli bildirib ki, Ağamusa Axundov Azərbaycan dilçiliyi, ümumi dilçilik, dil nəzəriyyəsi, türkologiya, üslubiyyat, dil tarixi, etimologiya, lüğətçilik və s. sahələr üzrə görkəmli mütəxəssis olub.
Professor Nadir Məmmədli vurğulayıb ki, Ağamusa Axundov 1964-cü ildə, hələ 32 yaşında ikən “Azərbaycan dilinin fonemlər sistemi (fizioloji, akustik, statistik, fonoloji tədqiqat təcrübəsi)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Həmin müdafiədə görkəmli mütəxəssislər – SSRİ Elmlər Akademiyasının baş elmi işçisi professor N.Baskakov, Gürcüstan Elmlər Akademiyasının akademiki S.Cikiya, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ə.Dəmirçizadə, filologiya elmləri doktoru, Dövlət mükafatı laureatı Ə.Orucov və başqaları çıxış edərək Ağamusa Axundovun doktorluq işinin yüksək elmi dəyərə malik olduğunu göstəriblər.
Baş direktorun sözlərinə görə, çoxşaxəli zəngin yaradıcılığı ilə dilçilik elminin inkişafında mühüm xidmətləri olan, ona öz töhfələrini verən Ağamusa Axundov 36 monoqrafiya və dərsliyin, 500-ə qədər elmi məqalənin müəllifi olub: “Alim öz geniş diapazonlu fəaliyyəti, zəngin yaradıcılıq irsi ilə Azərbaycan dilçiliyinə, bütövlükdə türkologiya aləminə “Dil və üslub məsələləri”, “Feilin zamanları”, “Dilçiliyə giriş”, “Ümumi dilçilik”, “Riyazi dilçilik”, “Azərbaycan dilinin fonetikası”, “Dilçiliyin tarixi, nəzəriyyəsi və metodları”, “Dil və ədəbiyyat” 2 cilddə, “Azərbaycan dilinin izahlı lüğəti” kimi fundamental əsərlər bəxş edib”.
Sonra institutun Kompüter dilçiliyi şöbəsinin müdiri professor Məsud Mahmudov “Akademik Ağamusa Axundov - sevimli müəllim, əziz həmkar”, Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova “Görkəmli dilçi alim” və Hind-Avropa dilləri şöbəsinin müdiri professor İlham Tahirov “Zamana yenilməyən insan” mövzularında məruzə ilə çıxış ediblər. Məruzələrdə bildirilib ki, akademik Ağamusa Axundov yüksək daxili mədəniyyəti, insansevərliyi, alicənablığı ilə seçilib, insanı elminə və biliyinə görə qiymətləndirib. Azərbaycan dilinin sintaqmatik fonetikası sahəsinin yaradıcısı kimi dilçiliyimizə adını yazıb, şeirin vəzninin yazıldığı dilin fonetik quruluşundan asılılığını sübut edib, türk dillərində sıra kateqoriyasının mövcudluğunu əsaslandırıb və bu dillərin məntiqi tipinin yaradılması ideyasını ortaya qoyub. Fonetika və fonologiya sahəsi ilə bağlı çoxillik səmərəli araşdırmalarının nəticəsi kimi 1984-cü ildə “Azərbaycan dilinin fonetikası” adlı fundamental monoqrafiyasını elmi ictimaiyyətə təqdim edib və bu sanballı əsər yüksək qiymətləndirilərək 1986-cı ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.
Qeyd olunub ki, akademik Ağamusa Axundov dil nəzəriyyəsi sahəsində respublikamızda aparıcı mütəxəssis idi. Uzun illər ərzində Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasına rəhbərlik etmiş, tələbələrə həmin fənni tədris etmişdir. Alimin həmin sahədə elmi-pedaqoji fəaliyyətinin nəticəsi olaraq 1979-cu ildə “Ümumi dilçilik (dilçiliyin tarixi, nəzəriyyəsi və metodları)” kitabı çapdan çıxmışdır.
Alimlər bildirilər ki, Ağamusa müəllimi səciyyələndirən digər bir cəhət onun gəncliyə göstərdiyi qayğı, gəncliyi hər zaman sağlam düşüncəli, layiqli vətəndaş görmək istəyi idi. Bütün bunlar da Ağamusa Axundovun sözün əsl mənasında müəllimliyindən qaynaqlanırdı.
Tədbirdə, həmçinin çıxış edən professor İsmayıl Məmmədli, filologiya elmləri doktoru Mayıl Əsgərov, dosentlər Qətibə Mahmudova və Qətibə Quliyeva görkəmli alimin səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışıblar.
Şrifti böyüt:
Çap et