Dekabrın 29-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Çin Xalq Respublikasının Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsinin Azərbaycan dili kafedrasının yaradıcısı və müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevlə görüş keçirilib.
Görüşdə elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli Azərbaycan-Çin əlaqələrinin inkişafının əsas tarixi mərhələləri haqqında məlumat verib. Nadir Məmmədli bildirib ki, ölkələrimiz arasında mədəniyyət, elm və təhsil sahələrində sıx əməkdaşlıq müşahidə olunur. Çində və Azərbaycanda qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, tələbə mübadiləsi proqramları buna bariz misaldır.
Professor vurğulayıb ki, birgə əməkdaşlıq çərçivəsində elmi tədqiqatların aparılması, konfrans, seminar keçirilməsi və digər məsələlər nəzərdə tutulub.
Aqşin Əliyev çıxışında bildirib ki, 2016-cı ildən Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsində əcnəbilərə Azərbaycan dili fənnini tədris edir. O, Çində pedaqoji sahədəki səmərəli fəaliyyətindən, iki ölkə arasında təhsil və elm sahəsində əlaqələrin inkişafında xidmətlərindən danışıb. Aqşin Əliyev bu cür elmi müzakirələrin Azərbaycanla Çin arasında ədəbi, elmi, mədəni əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.
Görüşdə Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova, aparıcı elmi işçilər Qüdsiyyə Qənbərova, Təranə Şükürlü və Aysel Qəribli iştirak ediblər.
Qeyd edək ki, 2019-cu il üçün Çinin ən yaxşı əcnəbi müəllimi seçilən Aqşin Əliyev 5 kitabın, 20-yə yaxın məqalənin və “Çincə-Azərbaycanca lüğət”in müəllifidir.
Şrifti böyüt:
Çap et