Beynəlxalq Türk Akademiyası, Türk Dövlətləri Təşkilatı Katibliyinin (TDT)
dəstəyi ilə Astanada Türk dünyasının ortaq əlifbası komissiyasının ilk iclası
keçirilib.
İclasda Komissiyanın üzvləri, türk ölkələrinin dilçilik elmi-tədqiqat institutlarının
əməkdaşları, eləcə də digər ixtisaslaşmış mütəxəssislər iştirak ediblər.
2021-ci ildə TDT Dövlət Başçılarının VIII Zirvə Toplantısında qəbul edilmiş
“Türk Dünyasına Baxış – 2040” strateji sənədində qeyd olunur ki, qarşıya qoyulan
vəzifələrdən biri də üzv dövlətlər arasında daha səmərəli ünsiyyətin təmin edilməsi
üçün əlifba və terminologiyada birliyə nail olmaqdır.
Türk Akademiyasının prezidenti Şain Mustafayev forum iştirakçılarına
ünvanladığı salamlama nitqində qeyd edib ki, türk xalqlarının latın qrafikası
əsasında ortaq əlifbaya keçidi məsələsi ilk dəfə 100 il əvvəl Bakı şəhərində
keçirilən I Türkoloji Qurultayda müzakirə olunub.
Onun sözlərinə görə, 1991-ci ildə isə türk dövlətlərinin müstəqillik əldə etməsi ilə
çoxdankı təşəbbüs yenidən gündəmə gəlib.
İclasda Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli “Ortaq
türk əlifbası” mövzusunda məruzə edib. Professor bildirib ki, Azərbaycanın dil
siyasəti Azərbaycan dövlətçilik tarixinin ən önəmli qoludur. Ümumi kökə və
mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin
getdiyi müasir mərhələdə bu xalqların ortaq əlifbasının olmasının müstəsna
əhəmiyyəti vardır. Hər bir ədəbi dilin inkişafında əlifba əsas rol oynayır, yazılı
ədəbi dillər əlifba vasitəsilə yüksək tərəqqiyə ucala bilir. Şübhəsiz ki, yaradılan
ümumtürk ədəbi dilinin formalaşması və inkişafında da türk xalqları üçün ortaq
əlifba xüsusi əhəmiyyət kəsb edir.
Nadir Məmmədli qeyd edib ki, latın qrafikası əsasında ortaq əlifbanın
yaradılması türkdilli xalqların tarixini, ədəbiyyat və mədəniyyətini, foklorunu,
adət-ənənələrini öyrənməkdə, təbliğ etməkdə böyük rol oynayacaq. Türk dünyası
üçün son dərəcə zəruri olan bu problemin həlli bütün ziyalıların, o cümlədən xüsusi
olaraq türkoloqların qarşısında təxirəsalınmaz bir vəzifə kimi durmaqdadır.
Türk Dilçilik Cəmiyyətinin vitse-prezidenti Yüksel Özgen qeyd edib ki, əlifba
birliyi türk xalqlarını daha da yaxınlaşdıracaq.
Türk Dilçilik Cəmiyyətinin prezidenti Osman Mert isə qədim dövrlərdə
əcdadlarımızın yüksək yazılı mədəniyyətə malik olduğunu və bu gün müstəqil
dövlətlərin bu ənənəni davam etdirmək qismətinə nail olduqlarını xatırladıb.
Türk Akademiyasının prezidenti Şain Mustafayevin keçirdiyi dördüncü sessiyada
iclasın yekun sənədləri qəbul edilib.
Şrifti böyüt:
Çap et