Filologiya elmləri doktoru, professor Mahirə Hüseynova və professor Sayalı
Sadıqovanın “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” (Bakı,
Elm, 2023) monoqrafiyası nəşr olunmuşdur. Müəlliflər tərəfindən əsərdə Heydər
Əliyevin apardığı dil siyasəti, dövlətçilik və dil quruculuğu prosesi, Azərbaycan
dilinin inkişaf konsepsiyası yeni müstəvidə ətraflı şərh edilmişdir. Qeyd edilir ki,
Heydər Əliyevin dil doktrinasında dil amili xalqın varlığı üçün bütün
amillərdən uca tutulmuş və Azərbaycan dilinin dövlət dili kimi inkişafı və
yüksəlişi uğrunda davamlı olaraq mübarizə aparmışdır. Dövlətçiliyin inkişafı
və onun atributlarının formalaşması, Azərbaycan dilinin inkişaf istiqamətləri,
dövlətçilik və dil siyasəti problemləri sosiolinqvistik istiqamətdə xarakterizə
edilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin vahid ümumi məqsədə
yönələn Azərbaycan dilinin inkişaf konsepsiyasının istiqamətlərinə həsr olunan
əsər üç fəsildən və əlavə hissədən ibarətdir. Bu fəsillərdə dövlətçilik və dil
siyasəti, dövlət dil konsepsiyası, dil quruculuğunun istiqamətləri, Azərbaycan
dövlət dil siyasətinin formalaşması tarixi və müstəqillik illərində dil
quruculuğu prosesi ardıcıllıqla tədqiq olunmuşdur.
Əsərdə Heydər Əliyevin Azərbaycan dilinin inkişaf konsepsiyası ilə bağlı
apardığı dil siyasəti iki mərhələyə ayrılmış, hər iki mərhələdə milli dilə
münasibət və onun tətbiq sahələri müəyyənləşdirilmişdir. Siyasi liderin
zəngin təcrübəsi, fitri təşkilatçılığı ilə respublikanın milli-ictimai marağını,
etnik-genetik tərkibini nəzərə alıb Azərbaycan dilini müstəqil dövlət dili kimi
inkişaf etdirməsi xarakterizə edilərək yazılır ki, dilin millətin varlığı hesab
edən Heydər Əliyev bu tarixi həqiqəti əsas götürərək dil quruculuğu
məsələsinə dövlət quruculuğunun tərkib hissəsi kimi yanaşmışdır.
Ümumiləşdirmələr əsasında dövlət və dil, dövlət və dil quruculuğu
prosesində Azərbaycan dilinin inkişaf istiqamətləri və aparılan dil siyasətində
Heydər Əliyevin konsepsiyasının özünəməxsusluğu əsaslandırılır. Heydər
Əliyevin dil konsepsiyasında dövlət dili anlayışı geniş məna ifadə edir. Bu
anlayışda dilin bütün istiqamətlərdə inkişafı ifadə edilir. Əsərdə aparılan
təhlillər göstərir ki, bu anlayışın məntiqi dərki Heydər Əliyevin dil siyasətində
genişliyi ilə öz ifadəsini tapmışdır. Kimlik vəsiqəmiz olan Azərbaycan dilinin
qədimliyi, zənginliyi və bu dildə danışan xalqın böyük potensialı onu həmişə
yaşatmışdır. Əsərdə aparılan təhlillərdən aydın olur ki, bu siyasət Azərbaycan
dilini dövlətçilikdə, inzibati-idarə sistemində, elmdə, mədəniyyətdə, maarifdə
inkişafını təmin etməklə dilin funksionallaşmasına səbəb olmuşdur. Milli
dilin zənginlikləri, milli varlıq və birliyin yaradılmasında əsas vasitə olması
nəzərə alınaraq dövlətçilik səviyyəsində inkişafının təmin olunması siyasəti
aparılmışdır.
Əsərdə Heydər Əliyevin dövlət dili siyasətinin əsas prinsipləri ilə bağlı
irəli sürülən və zəngin faktlarla əsaslandırılan dövlətçilik və dil haqqında
müddəalar azərbaycançılıq ideologiyasının son illərdəki nailiyyətlərinin
parlaq təzahürüdür. Professor Mahirə Hüseynova və professor Sayalı
Sadıqovanın “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” əsəri
milli varlığımız olan Azərbaycan dilinin möhkəm təməllər üzərində inkişaf
etdiyinin və daha möhtəşəm gələcəyə çağırışın ifadəsidir.
Şrifti böyüt:
Çap et