Şuşa öz əsrarəngiz təbiəti, səfalı və müalicəvi havası ilə xəstəliklərə
dəva, qəlblərə sevinc bəxş edən füsunkar məkandır. 8 may 1992-ci ildə
işğal edilmiş Şuşa şəhəri 8 noyabr 2020-ci ildə Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi və qətiyyətli, igid ordumuzun şücaəti ilə düşmən
tapdağından azad olunmuş və uzun sürən həsrətdən sonra öz əsl
sahiblərinə qovuşmuşdur. Əfsuslar olsun ki, düşmən tapdağı altında qalan
illərdə Şuşada bir çox mədəniyyət abidəsi məhv edilmiş, tanınmaz hala
salınmışdır. Lakin Şuşa azadlığına qovuşduqdan sonra aparılan
yenidənqurma işləri şəhərin sürətli dirçəlişi, onun əvvəlki günlərinə
yenidən qayıdacağına qəti əminlik yaradır.
Belə ki, bu məqsədlə ölkə Prezidenti tərəfindən 7 may 2021-ci ildə
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi
rəhbər tutularaq imzalanmış sərəncamla Şuşa şəhərinin tarixi görkəminin
bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, dolğun mədəni həyatına
qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin,
memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə
təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan
edilmişdir. Həmçinin, ölkə başçısının Şuşa şəhərinin əsasının
qoyulmasının 270 illiyi ilə bağlı olaraq 2022-ci ilin ölkəmizdə "Şuşa
ili" elan edilməsi haqqında sərəncam imzalamışdır. Qarabağın incisi Şuşa
şəhərinin tarixi olduqca qədimdir. Belə ki, əsası Pənahəli xan
tərəfindən qoyulan şəhərdə ayrı-ayrı dönəmlərdə aparılan arxeloji
tədqiqatlar şəhərin tarixinin bir neçə min illərlə ölçüldüyünü göstərir.
Belə ki, 1971-ci ildə Azərbaycan Respublikası Milli Elmlər
Akademiyasının əməkdaşları tərəfindən M.Hüseynovun rəhbərliyi ilə
keçirilmiş Mil-Qarabağ ekspedisiyası nəticəsində Şuşa mağarasından
paleolit (qədim daş) dövrünə aid 2 ədəd kobud çapacaq, b.e.ə. V-IV
minilliklərə aid torpaq, gil qarışığından qab məmulatları, eneolit, tunc
və dəmir dövrlərinə aid saxsı qab qırıntıları, mezolit dövrünə aid
mikrolit bıçaqlar aşkar edilmişdir. Həmçinin ekspedisiya nəticəsində
Şuşa mağarasında çaxmaq daşından bıçaqvari lövhələr, kəsicilər aşkar
edilmişdir ki, bu tapıntılar da yuxarı paleolit dönəminə aid olmaqla
ilkin yaşayış məskənlərinin mövcudluğundan xəbər verir. Qarabağ adının
etimologiyasına dair müəlliflərin bir sıra görüşləri vardır. Belə ki,
Qarabağ adının qara və bağ sözlərindən təşəkkül tapdığı başlıca
görüşlərdən biridir. Qara sözü ilkin yazılı mənbələrdə, Orxon-Yenisey
abidələrində, Əbu Həyyanın XIV əsrə aid "Kitabul idrak" əsərində,
"Kitabi-Dədə Qorqud" və s. qədim, orta əsr qaynaqlarında qara/kara
formalarında işlənməklə dilimizdə yer alan rəng mənası ilə bərabər
torpaq, qüvvətli, möhkəm, şimal mənalarını da bildirir. Türk dillərinə
nəzər yetirdikdə Azərbaycan dili ilə bərabər kumın, tatar, başqırd,
noqay, qaraqalpaq dillərində heç bir orfoqrafik və orfoepik fərqlilik
göstərmədən qara, kara, Türkiyə türkcəsinin dialektlərində kara
formasında yer alsa da, ədəbi dildə fars mənşəli siyah sözü işlənir.
Həmçinin türkdilli xalqların ədəbiyyatlarında qara sözü rəng məfhumunu
bildirməklə yanaşı, böyüklük, əzəmət (Səlcuq hökmdarı Qara Arslan əcnəbi
mənbələrdə qüvvətli şir formasında tərcümə olunub), şimali (QaraxanA . F
. Q a - benin qənaətincə Xanlar xanı Qaraxanın adının bir mənası da
şimalda hökm sürən xan deməkdir) çoxluq, sıxlıq mənalarını bildirir.
Ümum qəbul olunmuş görüşə əsasən, Qarabağ toponimi qara - qalın /sıx və
bağ sözlərinin birləşməsi ilə böyük bağ, qalın bağ məfhumu bildirən
anlayış meydana gəlmişdir. Qarabağ toponimini təhlil edən digər bir qrup
dilçilərin qənaətinə görə, bu oykonim qara (böyük mənasında) və bak
(qədim türk dillərində el/tayfa/soy mənalarında) sözlərindən təşəkkül
tapmaqla, böyük tayfa /böyük soy /böyük el mənalarını bildirir.
Göründüyü kimi, Qarabağ toponiminə hansı aspektdən yanaşılırsa,
yanaşılsın o, türk mənşəlidir. Bu yaşayış məskəninin etimologiyası,
aparılan arxeoloji qazıntılarda aşkar edilmiş tapıntılar bu diyarın türk
yurdu olduğunu təsdiqləyir. Qarabağın incisi heç şübhəsiz "kiçik Paris",
"Azərbaycanın musiqi beşiyi", "Zaqafqaziyanın konservatoriyası"
adlandırılan Şuşa şəhəridir. Şuşa toponimi haqqında bir çox mülahizələr
mövcuddur. Belə ki, Şuşa toponiminin mənşəyi haqqında ən geniş yayılmış
mülahizə şiş sözündən törəmiş olmasıdır. Şiş sözü dik, iti uclu zirvə
deməkdir. Daha sonra bu söz Şuşa formasını almışdır. Bu mülahizənin
tərəfdarları Şuşa şəhərinin bu cür adlandırılmasını onun coğrafi
xüsusiyyətləri ilə əlaqələndirir. Şuşa toponiminin etimologiyası
haqqında digər bir mülahizəyə görə, bu ad türk mənşəli dondar tayfaları
ilə əlaqədardır. Belə ki, Roma tarixçisi Publius Cornelius Tacitus
(Tasit Korneli) Qafqaz ərazisində Sosu şəhərinin olduğunu bildirir və bu
şəhərin türk mənşəli dondar tayfasına məxsusluğunu vurğulayır. Qeyd
etmək lazımdır ki, latın dilində ş hərfi mövcud olmadığından müəllif
şəhərin adını Sosu şəklində vermişdir. Şuşa toponiminin etimologiyası
haqqında bir digər mülahizənin tərəfdarları: Ş.Bidlis "Şərəfnamə"də,
Ə.Dexuda, R.Əli, E.Vasilyev, I.Rakşan tədqiqatlarında müsəlman şərqində
alınmaz qalalara "Şuşa qalaları" deyildiyini qeyd edirlər. Avropa,
Asiya, Sibirdə türk və müsəlmanların yaşadığı ərazilərdə "Şuşa",
"Şiştər", "Şuş" adı daşıyan qala və şəhər adlarına rast gəlinir. Belə
ehtimal olunur ki, o dövrdə alınmaz qalalar şiş qayalar üzərində
tikilir, bu da onu əlçatmaz edirdi. Öz növbəsində şiş sözü türk
dillərdən fars dilinə daxil olarkən dəyişib şuş formasını almışdır. Şuşa
adının etimologiyasına dair müxtəlif mülahizələri qeyd etdikdən sonra bu
şəhərin və onun məhəllələrinin salınması və onların adlandırılması
tarixinə nəzər yetirək. Şuşa şəhərində ümumilikdə 9 aşağı və 8 yuxarı
məhəllə daxil olmaqla cəmi 17 məhəllə mövcud olmuşdur. Bunlardan:
Qurdlar, Seyidli, Quyuluq, Çuxur, Dördlər qurdu, Hacı Yusifli, Dörd
çinar, Çöl qala, Cuhudlar (və ya Culfalar) – Aşağı məhəlləni; Merdinli
(və ya Mərdinli), Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər,
Hamam qabağı, Təzə məhəllələr – Yuxarı məhəlləni əmələ gətirən
məhəllələrdir. Hamam qabağı məhəlləsi – burada bəhsi keçən hamam Şuşada
ilk tikilən hamamlardan biri olan Əbdül Səməd bəyə məxsus hamam
olmuşdur. Dəmirçilər məhəlləsi – nəsillikcə dəmirçi peşəsinə məxsus,
eyniadlı türk tayfasının nümayəndələrindən ibarət sənətkarların cəm
olduğu məhəllə idi. Spesifik xüsusiyyətinə görə Quyuluq məhəlləsi – su
quyularının bolluğu ilə seçilən məhəllə olduğundan belə
adlandırılmışdır. Saatlı məhəlləsi - iyirmi dörd mahalın Saatlı
kəndindən gələn əhalinin adı ilə adlandırılmışdır. Bu nəsildən olan 17
ailə, Molla Pənah Vaqif də aralarında olmaqla bu məhəllədə yerləşmiş və
məhəllə onların adı ilə adlandırılmışdır. Öz növbəsində M.P.Vaqif bu
məhəllədə məktəbin əsasını qoyub, özü də orada dərs demişdir. Yuxarı
məhəllələrə daxil olan Köçəri məhəlləsi öz adını Cavanşir mahalının
Köçərli kəndindən gələnlərdən almışdır. Bu soyun görkəmli nümayəndəsi
Firudin bəy Köçərli bu məhəllədə doğulmuşdur. Şəhərin mərkəzi hissəsində
yerləşən yuxarı məhəllələrdən biri də Mamayı məhəlləsidir. Toponim Mamay
bəyin adı ilə bağlıdır. Şəhərin mərkəzində yerləşən yuxarı məhəllələrdən
biri də Xoca Mərcanlı və ya Xoca Mircanlı məhəlləsidir. Burada Xoca
Mərcanlı piri, eyni adlı məscid və bulaq vardı. Onu qeyd etmək lazımdır
ki, Şuşanın bu 17 məhəlləsinin hər birinin məscid, hamam və bulağı
olmuşdur.
Göründüyü kimi, istər Qarabağ, istərsə də Şuşa toponimləri türk mənşəli
olmaqla, bu diyarın əsl sahiblərinin etnik kimliyindən xəbər verir.
Şuşanın məhəllələrinin adları və etnonimlərinin tarixi də buranın əsl
sahiblərinin azərbaycanlılar olduğunu göstərir. Şuşa və onun
məhəllələrinin adlarının mənşəyi, şəhərin əsasını qoyanların etnik
kimliyi və tarixi, şəhərin məhəllələrində yer alan məscid, imarət,
yaşayış evlərinin memarlıq üslubu, bu və digər faktlar Şuşanın türk
yurdu olduğunun sübutudur.
Elnurə HÜSEYNOVA
AMEA İ. Nəsimi adına Dilçilik İnstitutu
Sosiolinqvistika və psixolinqvistika şöbəsinin elmi işçisi.
“Respublika” qəzeti 30 yanvar 2022, səh. 4