33 yaşında ən gənc elmlər doktoru

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Nitq mədəniyyəti və monitorinqi” şöbəsinin müdiri, dosent Aysel Qəribli Azərbaycan Respublikası yanında Ali Attestasiya Komissiyasının 07.03.2023-cü il tarixli qərarı ilə 5710.01 - Türk dilləri ixtisası üzrə filologiya üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Qeyd edək ki, Aysel 33 yaşında Azərbaycan filologiya sahəsinin ən gənc elmlər doktorları sırasına qatılmış oldu.

Qəribli Aysel Nizami qızı 6 mart 1990-cı ildə anadan olmuşdur. 2007-ci ildə orta məktəbi bitirmiş, 2007-2012 ci illərdə BDU-nun filologiya fakültəsində bakalavr pilləsində təhsil almışdır. 2012-2014 cü illərdə Azərbaycan Dillər Universitetində filologiya fakültəsində magistr pilləsini oxuyub bitirmişdir. 2013-cü ildə “Azərbaycan dili qloballaşan dünyada” adlı kitabı dərc olunmuşdur. Eyni adlı kitabı 2014-cü ildə Tehranda çap edilmişdir. 2015-cil ildə bu mövzuda “Azərbaycan təriqət şeirinin leksikası” adlı kitabı nəşr olunmuşdur. 2017-ci ildə “XIX əsr Azərbaycan təriqət şeirinin lüğət tərkibi” mövzusunda müdafiə etmiş və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2017-ci ildə “Azərbaycan dili anlayışının tarixi” adlı kitabı işıq üzü görmüşdür. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar elm sahəsi üzrə “Gənclər üçün Prezident mükafatına” namizəd kimi təqdim edilmişdir. Nəsimi adına Dilçilik İnstitutunun seçilən gənc alimi olaraq 2017-ci ildə keçirilən Azərbaycan Gənc Alimlərinin I Qurultayının iştirakçısı olmuşdur. Elmi fəaliyyətdə fərqləndiyinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunmuşdur. Bundan əlavə, bir neçə dəfə elmi fəaliyyətindəki nailiyyətlərinə görə Fəxri Fərmanlarla təltif edilmişdir. 2018-ci ildə “Azərbaycan nitq mədəniyyəti” (həmmüəlliflərlə), “Türkologiya” (həmmüəlliflərlə) , “ Türk dili, türk ləhcələri və türk dilləri anlayışlarının genotipologiyası” adlı kitabları dərc edilmişdir. 2020-ci ildə dosent elmi adını almışdır. 2022-ci ildən Türkologiya jurnalının elmi katibi vəzifəsini icra edir, həmçinin eyni ildən Nəsimi adına Dilçilik İnstitutu “Nitq mədəniyyəti və monitorinq” şöbəsinin müdiri vəzifəsini icra edir.

2022-ci ildə “Türk dili və türk dilləri anlayışlarının formalaşması tarixinin elmi- metodoloji problemləri” mövzusunda müdafiə etmişdir. 2023-cü ildə elmlər doktoru elmi dərəcəsini almışdır. 5 monoqrafiyanın, respublikada və xaricdə nüfuzlu elmi jurnallarda dərc olunmuş 46 elmi məqalənin müəllifidir.