14 apreldə AMEA Nəsimi adına Dilçilik İnstitutunda elmi seminar keçirilib.
Seminarda institutunun alimləri ilə yanaşı, təcrübəçi tələbələri də iştirak ediblər.
Seminarda Mahmud Kaşğari adına Beynəlxalq Fondun sədri yazıçı Elxan
Qaraxanlının “Xəzərlərin dil xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib.
İclası giriş sözü ilə açan elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli
mövzunun aktuallığından danışıb. Bildirib ki, Xəzər dövləti öncə Dağıstanın
cənubunda təşəkkül tapıb və Azərbaycanın şimal əraziləri də uzun müddət bu
dövlətin tərkibinə daxil olub.
Professor qeyd edib ki, dünyanın müxtəlif ölkələrində xəzərlər və onların qurduğu
möhtəşəm dövlət barədə yüzlərlə araşdırma əsərinin yazılmasına baxmayaraq, bu
mövzu alimlər və yazıçılar arasında hələ də böyük mübahisələr mövzusudur.
Elxan Zal Qaraxanlı Xəzər tarixinə bugünkü reallıqlar müstəvisindən baxır və öz
yeniliklərini verir.
Elxan Qaraxanlı bildirib ki, Böyük Türk xağanlığının Şərq ərazilərində meydana
gələn və onun davamı hesab edilən Xəzər xağanlığı dünyanın əksər böyük
tədqiqatçıları tərəfindən Orta əsrlərin ilk çağlarında mövcud olmuş ən möhtəşəm
dövlətlərdən biri hesab edilir.
Xəzərlərə aid yazılı mənbələrin tapılmaması, arxeoloji qazıtılar zamanı onlara aid
ərazilərdə tapılmış türk runik hərfləri ilə yazılan kiçik mətnlərin yazıldığı dövr
haqqında yekdil fikrin olmaması, tədqiqatçılar arasında xəzər dilinə dair müxtəlif
mülahizələrin yaranmasına səbəb olmuşdur. Xəzər dilinə aid məlumatlara biz
əsasən ərəb, fars, yəhudi, yunan dilli mətnlərdə rast gəlinir.
Xəzər dilini qərbi oğuz , yəni bulqar qrupuna aid edir, onları izlərini bugünkü
çuvaş dilində arayırlar.
Elxan Qaraxanlı qeyd edib ki, Xəzər dilində işlənən bir sıza sözlər Azərbaycan
dilində bu gün də işlənməkdədir: şad, dağ, çiçək, Xanlıq və sair.
Elmi seminarın sədri professor Sayalı Sadıqova bu cür seminarların artıq bir ənənə
halını aldığını vurğulayıb. Qeyd edib ki, Elxan Zal öz axtarışlarında tarixin daha
dərin qatlarına enə bilir və qədim xəzərləri müəyyən etməyə çalışarkən hətta
Avesta və Bibliya mətnlərinə də müraciət etməkdən çəkinmir.
Tədbirdə professorlar Qəzənfər Kazımov, Qəzənfər Paşayev, İsmayıl Kazımov,
dosentlər Qətibə Quliyeva, Şəbnəm Həsənli Qəribova, Xədicə Heydərova və
başqaları seminarın mövzusu ilə bağlı fikirlərini bildiriblər.
Şrifti böyüt:
Çap et