Ulu Öndər Heydər Əliyev ötən əsrin 60-cı illərinin sonunda Azərbaycana rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərib. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubiley tədbirində Heydər Əliyevin mövcud qaydaları, özündən əvvəlki çoxillik ənənələri sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış etməsi böyük cəsarət tələb edirdi. Bu cəsarət onun Azərbaycan dilinə olan sevgisindən qaynaqlanırdı.
Bu fikri AMEA Nəsimi adına Dilçilik İnstitutu Mətbuat xidmətinin rəhbəri filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü söyləyib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev dilimizin saflığını, zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulayır, cəmiyyətin bütün imkanlarını ana dilinin inkişafını təmin etməyə səfərbər edirdi. Dahi rəhbərin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri də Azərbaycan dilinə dövlət dili statusunun verilməsi təşəbbüsü idi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunub: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il aprelin 21-də qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapıb. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qoruyub. 1978-ci il Konstitusiyası, həqiqətən, Ulu Öndər Heydər Əliyevin öz dövləti, vətəni və xalqı qarşısında göstərdiyi böyük xidmət idi.
Müstəqillik illərində də Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü və gələcəyə yönələn dövlət quruculuğu məsələlərində dil siyasəti həmişə aparıcı olub. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülüb. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb.
Gənc alim bildirib ki, bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilib. Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir.
Dahi rəhbər ana dilimizin tarixi keçmişi ilə yanaşı, bugünkü durumunu və mövcud problemlərini də daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq imza atıb. Azərbaycan dili ilə bağlı vacib addımlardan biri də Ulu Öndərin 2002-ci il sentyabrın 30-da imzaladığı “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunudur. Müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən bu qanunda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımi şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulub.
Şrifti böyüt:
Çap et