Ədəbi dilin leksik norması

Şrifti böyüt:
Çap et

(Nadir Məmmədli. Azərbaycan dili və nitq mədəniyyəti. Norma, nitq mədəniyyəti sahələri və nitqə verilən tələblər. Dərslik. II cild, Bakı, “Elm və təhsil”, 2022, 512 səh.) Filologiya elmləri doktoru, prof. Nadir Məmmədlinin araşdırmalarının mühüm bir sahəsini Azərbaycan dili və nitq mədəniyyəti problemləri təşkil edir. Bu müasir problemlər onun 2 cilddən ibarət olan dərsliyində öz əksini tapmışdır. Məlumdur ki, ədəbi dilimizin əsas normalarından biri də leksik normadır. N.Məmmədli, öncə, kitabın II cildində leksikologiya və onun təsviri, tarixi, müqayisəli növlərindən bəhs edir, sonra isə forma və məzmunca söz qruplarında (omonim, sinonim, antonimlər) leksik normanın mənaca təsnifini aparır, qruplaşdırır. Ardınca omoformlar, omofonlar, omoqraflar, transomonimlər yaxud dillərarası asimmetriya (“yalançı ekvivalentlər”), onların nitqdə daşıdığı mənaları üzə çıxarır. Alınma sözün mənasının reseptor dildə aprobasiyası, paronimlər, çoxmənalı sözlər, metaforlar haqqında kifayət qədər yığcam və dolğun məlumatlara rast gəlirik. Kitabda metafor, metaforlaşma prosesi haqqında fikirlər yeniliyi ilə fərqlənir. Müəllif yazır ki, metafor nitq və mətndə ifadə vasitəsi kimi ideyaları konkretləşdirir, sözün nominativ mənası və assosiasiyaların, əşyaların oxşarlığına uyğun olaraq təfəkkürdə müəyyən təəssürat, təsəvvür yaradır; xüsusilə də bədii əsərlərdə öz potensialını üzə çıxarır. Metaforlaşma prosesdir-daimidir, zaman keçdikcə estetik dəyərlərini, gözlənilməzliyini heç vaxt itirmir. Məcazın digər növləri (metonimiya, sinekdoxa və s.) haqqında fikirlər, xüsusən də bölgü, onların bir-birindən fərqləndirilməsi ağlabatan cəhətlərilə yadda qalır. N.Məmmədli leksik normanı mənşə cəhətdən də şərh edir, sözlərin alınma amillərini müəyyənləşdirir. Alınma söz və terminlərin mənimsənilməsinin şərtlərini göstərir: 1) sözlərin alan dilin qrammatik sinif və kateqoriyaları ilə əlaqələndirilməsi; 2) əcnəbi sözün fonetik mənimsənilməsi; 3) əcnəbi sözün qrammatik mənimsənilməsi; 4) sözün sözdüzəldicilik aktivliyi; 5) əcnəbi sözün semantik mənimsənilməsi; 6) nitqdə müntəzəm işlənməsi (s.202).

Dərslikdə digər mənimsənilmə səviyyələri (fonetik, qrafik, orfoqrafik, qrammatik, semantik mənimsəmələrin xüsusi əlamətləri, xarakteri və s.) ayrı- ayrılıqda təhlil olunmuşdur.

Prof. N.Məmmədli dilimizin leksik normasını sözlərin istifadə dairəsi üzrə də tədqiqata cəlb etmişdir. Düşüncənin inkişafı dilin inkişafını tənzimləndirdiyi üçün istifadə dairəsinə görə sözlər müəllif tərəfindən 1) ümumişlək sözlər; 2) məhdud dairədə ictimai zümrələr və kollektiv tərəfindən işlədilən sözlər (loru, vurqar, arqo, jarqon, dialekt; 3) xüsusi sözlər (terminlər) olmaqla da qruplaşdırılmışdır.

Dərslik müəllifi leksik normanı sözün ekspressiv-üslubi əlamətlərinə görə də interpretasiya edir. O, tabu sözlərin, evfemizmlərin, epitetlərin, alliterasiyaların, təkrarların, işlək, istifadə normalarını müəyyənləşdirir; bunların yaranma yollarını, poetik-üslubi səciyyəsini verir. Xeyli sayda bədii ədəbiyyatdan seçilmiş nümunələr vasitəsilə tələbələr həmin normaları intensiv şəkildə öyrənə bilirlər.

Dərslikdə leksik norma məsələləri Azərbaycan dilinin aktiv və passivliyinə görə də nəzərdən keçirilmişdir. Aktiv və passiv leksikanın tərkib hissəsi kimi tarixizmlərə, arxaizmlərə və neologizmlərə diqqət yönəldilmişdir. Dil obyektiv gerçəkliyi müxtəlif ifadə formaları ilə təzahür edir. Onlardan biri də sözlərin məna əlaqələrini- semantik strukturu, funksional nitq xüsusiyyətlərini, üslubi ifadə imkanlarını ümumiləşdirən frazeoloji vahidlərdir. Əlbəttə, bu əlamətlər frazeoloji normaya aiddir. Frazeoloji normaya verilən tələblərdən biri-həmin vəhdətlərin, modellərin mənasından qaydasında istifadə etməkdir.

Əsərdə qrammatik normanı müəllif morfoloji və sintaktik yaruslar üzrə də aydınlaşdırır. Qrammatik kareqoriyalarda norma mənsubiyyət, hal, inkarlıq paradiqmalarını əhatə edir.

Sintaktik norma çərçivəsində sərbəst söz birləşmələrinin və cümlələrin yarımçıq, bütöv, şəxsli və şəxssiz cümlələrin norma xüsusiyyətləri və bu normanın pozulma halları, baş və ikinci dərəcəli üzvlərin dildə və nitqdə normalaşma qanunauyğunluqları sadə cümlələri genişləndirən üzvlərdə və eləcə də mürəkkəb cümləyə, mürəkkəb sintaktik bütövə aid norma məsələləri işıqlandırılmışdır.

Nitq mədəniyyəti məsələləri həmişə aktual olub, çoxcəhətli, çoxplanlı parametrlərə malik olduğu üçün müəllif kitabda norma, onun sahələri və nitqə verilən tələblər mövzularına məhz dərsliyin 2-ci cildində geniş yer ayırmışdır. Dərsliyin bu cildində I fəsil “Ədəbi dil norması” adlanır. Həmin fəsildə “norma” termin- anlayışına aydınlıq gətirilir. Müəllif bu anlayışı düzgün olaraq geniş və dar mənada şərh edir: Norma dilin inkişafının daxili qanunları, həmçinin cəmiyyətin ənənələri ilə şərtlənir və qəbul edilir. N.Məmmədli norma və ona yaxın olan variantlıq münasibətləri üzərində dayanır, onları bir-birindən fərqləndirir. Bu fərqlər normanın mütləq, variantın nisbiliyi, bərabərhüquqa malik olmaması ilə səciyyələnir.

Dil normasının başlıca keyfiyyətləri müəllifin təqdimatında və izahında uzun müddət dil sisteminin tarazlığını qoruyub saxlamağı təmin edən sabitlik, normativ qaydaların yayılmasına və riayət olunmasına nəzarət, dili kənar təsirlərdən mühafizə etmək, ədəbi ənənələr və mənbələrin nüfuzu, dili və onun faktlarını mədəni-estetik cəhətdən dəyərləndirmək və s. amillərlə əsaslanılır. Ədəbi dildən söhbət edərkən N. Məmmədli onun konkret olaraq 8 xüsusiyyətini göstərir: funksional üslublar sisteminin bütün fəaliyyət sahəsinə xidmət edir; nisbi davamlıdır, yazılı nitq norması ilə təsbit edilir; variantlılığa və dəyişkənliyə meyillidir; kodifikasiya edilir və zamanın tələbləri ilə normalaşır, yüksələn xətt üzrə inkişaf edir və s.

N.Məmmədli ədəbi dildə normaya verilən 4 tələbi özünəməxsus ifadə tərzi ilə qruplaşdırır. Bu tələb normanın dilimizdə danışan bütün şəxslər üçün vahid və məcburi olması; normanın mühafizəkarlığı və onun qanunları, istifadə etdiyimiz cəmiyyətdə formalaşmış qayda-qanunların saxlanması və qorunması; normanın zamana uyğunluğu, sosial şəraitdən asılı olaraq dəyişməsi, nəhayət linqvistik və sosial kateqoriyalılığı. Yaxşı cəhətdir ki, N.Məmmədli normanın tarixini izləyir və inkişaf prosesində aşağıdakı əlamətləri də qoruyub saxladığını göstərir: nisbi sabitlik, yayılma, ümumi istifadə, istifadəyə uyğunluq, dil sisteminin imkanları.

Müəllif çox vacıb olan məsələni – normanı müasir Azərbaycan dilinin bütün səviyyələrində tədqiqata cəlb edir. Ardıcıllığı, sistemliliyi demək olar ki, gözləyir: öncə, fonetika; sonra fonetik norma. Orfoepiya. Orfoepik norma. Orfoqrafiya. Orfoqrafik norma və s. Dərslik müəllifi əvvəlcə fonetik vahidlərdən, fonetikanın ümumi prinsiplərindən, fonetikanın müxtəlif növlərindən bəhs edir. Sonra normaların izahına müəyyən həcmdə yer ayırır. Orfoepik norma ilə orfoepik variant anlayışlarını fərqləndirir. Sait və samit səsləri müxtəlif prinsiplərə görə təsnif edir. Orfoqrafik normanın fonetik, morfoloji və tarixi-ənənəvi prinsiplərini ayrı-ayrılıqda şərh edir, dilimizin orfoqrafiya normalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli qərarı ilə təsdiqlənmiş və 3 noyabr 2020-ci il tarixli 438 nömrəli qərarı ilə müəyyən dəyişikliyi nəzərə çatdırır. Milli və alınma mənşəli sözlərdə, şəkilçilərdə yazılış qaydalarını və s. maraqlı və öyrədici nümunələr üzrə təhlil edir. Bu, tədris baxımından da olduqca əhəmiyyətlidir.

N.Məmmədlinin kitabının son fəsillərini nitq mədəniyyəti sahələri və nitqə verilən tələblər təşkil edir. Forma və məzmununa görə nitqin ən geniş yayılmış sahələri daim taktiki informasiyaların və metodiki vasitələrin sistemli biçimdə tətbiqinə əsaslandığı üçün tədqiqatçı nitqin ən geniş yayılmış sferalarını “ictimai- siyasi nitq”, “diplomatik nitq”, “məhkəmə nitqi”, “istehsalat nitqi”, “mitinq nitqi”, “parlament nitqi”, “yubiley və masaətrafı nitq”, “yas-matəm nitqi”, “təbrik nitqi”, “hərbi nitq”, “dini nitq”, “akademik nitq”, “ekran-efir nitqi” üzrə təhlil edir. Bu nitq situasiyaları Ulu öndər Heydər Əliyevin və ölkə prezidenti İlham Əliyevin çıxışlarından zəngin örnək vasitəsilə verilir.

Dil kommunikativ məqsədlər üçün həyatın rəngarəng sahələrinə nüfuz edir. Müəllif Azərbaycan nitqinin kommunikativ keyfiyyətlərini də diqqətdə saxlayaraq, onun münasibliyi, zənginliyini, təmizliyini, dəqiqliyini, məntiqliyini, əlverişliliyini, ifadəliliyini və düzgünlüyünü yaradan, təmin edən və bu əlamətlərə təsir göstərən normaları ayrı-ayrılıqda şərh etmişdir.

Beləliklə, biz norma və nitq mədəniyyəti problemlərinin Nadir Məmmədli düşüncəsində üzə çıxan məqamları ilə ətraflı tanışıq olduq və bəyəndik. Norma ziddiyyətli və mürəkkəb bir fenomen olsa da, ona məxsus təklifləri, eləcə də müəllifin dilimizdə baş verən təbii prosesləri və hadisələri obyektiv qiymətləndirməsini təqdirəlayiq sayırıq.



Fil.e.d., prof. İsmayıl Kazımov

Fil.ü.f.d., dosent Günel Mirzəyeva