Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda
erməni vandalları tərəfindən azərbaycanlılara qarşı törədilmiş 31 mart soyqırımına
həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən institutun baş direktoru professor Nadir Məmmədli bildirib ki,
1918-ci ilin martında ermənilər Bakı şəhərində və Bakı quberniyasının müxtəlif
bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan,
Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı
aktı törədiblər. Bu acı həqiqət təkcə soydaşlarımızın qətliamı ilə deyil, həm də
tarixi ərazilərimizin müəyyən hissəsinin işğalı ilə nəticələnib.
Nadir Məmmədli qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin
“Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə
xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilib. Bu gün isə
Prezident İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin
aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin
olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən
ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl
və məqsədyönlü işlər görülür.
Tədbirdə institutun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Baba
Məhərrəmli, şöbə müdirləri professor İsmayıl Məmmədli, professor İlhami
Cəfərsoy, dosent Elçin İsmayılov və dosent Füzuli Mustafayev ermənilər
tərəfindən azərbaycanlılara qarşı törədilən terror aktları ilə bağlı məlumatların
davamlı olaraq gənc nəslə və beynəlxalq ictimaiyyətə çatdırılmasının zəruriliyi
vurğulanıb.
Şrifti böyüt:
Çap et