29 martda AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Fizika,
riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alan 9-cu sinif
şagirdləri arasında “Ana dili” adlı bilik olimpiadası keçirilib.
İclası giriş sözü ilə açan Dilçilik İnstitutunun icraçı direktoru dosent Baba
Məhərrəmli olimpiadanın 27 mart “Elm Günü”nə həsr olunduğunu qeyd edib.
Alim şagirdlərə uğurlar diləyib.
Təhsil şöbəsinin müdiri dosent Rasim Heydərov olimpiadanın qaydaları
haqqqında məlumatı iştirakçıların diqqətinə çatdırıb.
Ümumilikdə 7 komanda, hər birində 5 nəfər üzv olmaqla 35 şagird iştirak edib.
Olimpiada Azərbaycan dili fənni üzrə 3 mərhələdə aparılıb.
Birinci mərhələdə “Bəkir Çobanzadə”, “Dəmir qanunlar”, “Əlifba”, 21
fevral”, “Dilçilər, “Dil sevdalıları” , “Vurğu” komandaları verilən test
tapşırıqlarını həll ediblər. Test tapşırıqları münsiflər üzvləri tərəfindən yoxlanılıb.
Münsiflər heyətində İnstitutun baş direktoru professor Nadir Məmmədli,
icraçı direktoru dosent Baba Məhərrəmli, elmi katib filologiya elmləri doktoru
Aynel Məşədiyeva, dosentlər Təranə Şükürlü, Qətibə Mahmudova, Elnarə Əliyeva,
Günel Orucova təmsil olunub.
İkinci mərhələdə beş komanda, üçüncü mərhələdə üç komanda final turuna qatılıb.
Test tapşırıqlarının qiymətləndirilməsinə əsasən “Dilçilər” birinci, “Dil
sevdalıları” ikinci , “Vurğu” komandası üçüncü yerə layiq görülüb.
Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli qalib şagirdləri
təbrik edib. Bildirib ki, olimpiadanın təşkilində məqsəd istedadlı uşaqların aşkar
edilməsi, şagirdlərdə Azərbaycan dili fənninə olan marağın artırılması, onların
sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə
şərait yaradılmasından ibarətdir.
Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin direktor müavini
dosent Elçin Məmmədov sonda institut rəhbərliyinə öz təşəkkürünü bildirib.
Şrifti böyüt:
Çap et