Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından
keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən institutun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru,
dosent Baba Məhərrəmli Xocalı soyqırımının Azərbaycan tarixində ən qanlı
hadisələrdən biri olduğunu söyləyib. O bildirib ki, bu il Xocalı faciəsinin
törədilməsindən 31 il keçir. 1992-ci il 26 fevral tarixi xalqımızın qan yaddaşıdır.
Xocalı soyqırımı təkcə Azərbaycan tarixində deyil, bütün dünya tarixində
insanlığa qarşı törədilmiş ən amansız kütləvi qırğınlardan biridir. 1992-ci il
fevralın 26-da gecə saatlarında erməni silahlı birləşmələri və keçmiş sovet
ordusunun Xankəndi şəhərində yerləşən hərbi birləşməsi olan 366-cı
motoatıcı alayı tərəfindən dinc əhaliyə qarşı soyqırımı aktı törədildi.
Qeyd olunub ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət dahi rəhbər,
ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə
qayıdışından sonra verilib.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan Ordusu torpaqlarımızı, müqəddəs Qarabağ torpağını işğaldan
azad edərək şəhidlərin nigaran ruhlarını rahatlığa qovuşdurdu.
Tədbirdə professorlar Ilhami Cəfərsoy, İsmayıl Məmmədli, Sayalı Sadıqova,
dosentlər Xədicə Heydərova, Teyyub Quliyev bildiriblər ki, Xocalı qırğınını
Azərbaycan xalqı heç vaxt unutmayacaq.
Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından
keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin
xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.
Şrifti böyüt:
Çap et