Çoxşaxəli zəngin yaradıcılığı ilə dilçilik elminin inkişafında mühüm xidmətləri olan, ona öz töhfələrini verən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi Ağamusa Axundovun 36 monoqrafiya və dərsliyin, 500-ə qədər elmi məqalənin müəllifidir. Alim öz geniş diapazonlu fəaliyyəti, zəngin yaradıcılıq irsi ilə Azərbaycan dilçiliyinə, bütövlükdə türkologiya aləminə “Dil və üslub məsələləri” (1957), “Feilin zamanları” (1961), “Dilçiliyə giriş” (1966), “Ümumi dilçilik” (1979), “Riyazi dilçilik” (1979), “Azərbaycan dilinin fonetikası” (1984), “Dilçiliyin tarixi, nəzəriyyəsi və metodları” (1994), “Dil və ədəbiyyat” 2 cilddə (2003), “Azərbaycan dilinin izahlı lüğəti” (2005) kimi fundamental əsər-lər bəxş etmişdir. İbrətamiz bir ömür yolu yaşamış Ağamusa Axundov Azərbaycan dilçiliyində öz yeri, mövqeyi, dəst-xətti, üslubu olan görkəmli dilçi alimdir. Onun namizədlik və doktorluq dissertasiyalarının hər biri Azərbaycan dilçiliyində yeni cığır açmışdır. Azərbaycan dilçiliyində zaman kateqoriyası anlayışına ilk dəfə olaraq fəlsəfi və linqvistik yönümdən yanaşmaqla Ağamusa Axundov göstərdi ki, zaman təkcə insan həyatının ölçüsü deyil, həm də onun inkişafı üçün məkandır. Buna görə də bu iki müxtəlif kateqoriyalar arasındakı bütün əlaqələri meydana çıxarmaq üçün alim tərəfindən hər iki kateqoriya ayrı-ayrılıqda tədqiq edilmişdir. Qeyd edilir ki, qrammatika özündən zaman yaratmır, o yalnız insan şüurunda əks olunan obyektiv zamanı dildə öz xüsusi forma əlamətləri ilə konkretləşdirir. Bu tədqiqat özündən sonra zamana həsr olunan bütün əsərlərdə istinad edilən mötəbər mənbələrdəndir.
Görkəmli alim 32 yaşında müdafiə etdiyi doktorluq dissertasiyası ilə Azərbaycanda fonoloji məktəbinin əsasını qoymuşdur. “Azərbaycan dilinin fonemlər sistemi (fizioloji, akustik, statistik, fonoloji tədqiqat təcrübəsi)” adlanan bu tədqiqatı təkcə Azərbaycan dilçiliyi üçün deyil, bütövlükdə türkoloji dilçilik üçün hadisə sayılır. Azərbaycan dilinin fonetik və fonoloji qanunauyğunluqları ümumiləşdirilmiş, sait və samitləri fizioloji, akustik, statistik, fonoloji parametrləri təhlil edilmiş, fonetik və fonematik səs dəyişmələri araşdırılmışdır. Onun fonetika və fonologiya sahəsi ilə bağlı çoxillik səmərəli araşdırmalarının nəticəsi kimi 1984-cü ildə “Azərbaycan dilinin fonetikası” adlı fundamental monoqrafiyası elmi ictimaiyyətə təqdim olunmuşdur. Bu sanballı monoqrafiyanın elmi dəyəri yüksək qiymətlən-dirilərək, alim 1986-cı ildə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. Bu sanballı monoqrafiyasına qədər də fonetika sahəsində, istər tarixi, istərsə də müasir fonetika məsələləri istiqamətində ardıcıl elmi araşdırmalar aparmışdır. “Azərbaycan dilinin fonemlər sistemi” və “Azərbaycan dilinin tarixi fonetikası” əsərləri nəşr olunmuşdur.
Azərbaycan dilçiliyinin elə bir sahəsi yoxdur ki, Ağamusa Axundov orada öz qələmini sınamamış olsun. O, Azərbaycan dilinin müasir vəziyyəti və tarixi, ədəbi və üslubi inkişafı, ədəbi və bədii dili, bədii tərcümə, müqayisəli və tipoloji dilçilik və s. kimi məsələlərlə də professional səviyyədə məşğul olmuşdur. “Azərbaycan dilinin tarixi-etimoloji lüğət”i mövzusunda yazdığı silsilə məqalələri ilə görkəmli alim Azərbaycan dilçiliyində yeni bir istiqamət açmışdır.
“Dilin estetikası” kitabı da A.Axundovun dilə, onun gözəlliyinə həsr etdiyi əsərlərindəndir. Bu əsərdə dilin gözəlliyi, dilin əhatə dairəsi, cəmiyyət və xalqın həyatında oynadığı rol, onun elmi mahiyyəti, konkret formaları müxtəlif dövrlərdə yaşayıb-yaradan M.F.Axundov, F.Köçərli, C.Məmmədquluzadə kimi maarifpərvərlərin fikirləri əsasında tədqiq edilmişdir. Dili obyektiv ictimai hadisə saymaqla bərabər, həmin obyektiv ictimai hadisənin inikası olan, həm şairlər, həm də yazıçılar tərəfindən işlənərək cilalanan bədii dil sənətkarlıq baxımından araşdırılmışdır. Dildə tipikləşdirmə bədii ədəbiyyat üçün müstəsna əhəmiyyətə malik estetik kateqoriyalardan olduğu, müxtəlif yazıçı və şairlərin yaratdıqları ümumiləşdirmə və fərdiləşdirmənin məcmusu kimi səciyyələndirilmişdir. Ağamusa Axundov dilçilikdə olduğu kimi, ədəbiy-yatşünaslıq sahəsində də nüfuzlu şəxsiyyət, özünün dəsti-xətti olan tədqiqatçıdır. Hər iki sahəyə dərindən bələdliyi sahəsində şeir vəzninin yazıldığı dilin fonetik quruluşundan asılılığı faktlarla əsaslandırılır.
“Ümumi dilçilik” kitabında linqvistik nəzəriyyələrin tarixi, dünya dilçiliyinin əsas problemləri, dilin fəlsəfi və ictimai məsələləri, dilin daxili sistemi və quruluşu, dilçilik metodları təyin edilir, dəqiqləşdirilir. A. Axundovun yaradıcı-lığında dünya miqyasında diqqəti cəlb edən ümumi dilçilik və dil nəzəriyyəsi ilə bağlı - dil və cəmiyyət, dilin coğrafi diferensiasiyası, dil təkamülünün sosioloji istiqamətləri, dil sistemi, dil səviyyələrinin aktual problemləri öz həllini tapmışdır. Azərbaycan dilçiliyində metod və metodologiya, dilin öyrənilməsi üsulları-sosioloji, məntiqi, psixoloji, fizioloji, akustik, distributiv, riyazi-statistik tədqiqat üsulları müəyyənləşdirilmişdir. A.Axundovun “Dilçiliyə giriş”, “Ümumi dil-çilik” dərsliklərindən Azərbaycan dilçilərinin böyük bir nəsli faydalanır.
Respublikamızda riyazi dilçilik sahəsinin yaradıcısı və banisi də A. Axundovdur. Dilçilik elminin müasir inkişaf meyillərini və perspektivlərini nəzərə alaraq riyazi dilçilik sahəsində bir sıra tədqiqatların nəticəsi olaraq “Riyazi dilçilik” kitabı nəşr olunmuşdur. Bu kitabda riyazi dilçilik termininin yaran-ması, inkişafı və dilin tədqiqinə riyazi üsulların tətbiqi kimi məsələlər geniş şərh olunmuş, eləcə də tədqiqatlarında riyazi dilçilik terminləri ilə bağlı bir sıra anlayışlar Azərbaycan dilçiliyinə gətirilmişdir. Xüsusən, riyazi dilçilik terminləri ilə bağlı olan təhlil üsulları, Amerika deskriptiv dilçilik məktəblərində geniş ya-yılmış distributiv təhlilin mahiyyəti açıqlanmış və bu anlayış əslində Azərbay-can dilçiliyinə onun tərəfindən gətirilmişdir.
A. Axundov Azərbaycan dilinin tədrisi ilə bağlı bir sıra dərslik, dərs vəsaiti və proqramların müəllifidir. Orta məktəbin 5-6-cı sinifləri üçün prof. Bəşir Əhmədovla birlikdə yazdığı “Azərbaycan dili” dərsliyi 1972-ci ildən 1987-ci ilədək 15 dəfə təkrar nəşr olunmuş və 1973-cü ildə Azərbaycan SSR Maarif Nazirliyinin mükafatına layiq görülmüşdür. “Müasir Azərbaycan dilinin fonetikasından mühazirələr” (1969), “Müasir Azərbaycan ədəbi dilinin fonetikası” (1963), “Azərbaycan dilinin fonemlər sistemi” (1973), “Azərbaycan dilinin tarixi fonetikası” (1973) dərslik və dərs vəsaitləri çap olunmuşdur. Həmmüəlliflərlə yazılmış əsərləri sırasında “İngilis və Azərbaycan dillərində vurğunun ritmik-melodik xüsusiyyətləri” (S.Babayev və F.Zeynalov ilə birlikdə), “Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili” (M.Məmmədov və M.Mahmudovla birlikdə) və s. göstərmək olar. Toponimika və nitq mədəniyyəti ilə bağlı yazdığı əsərlər də A.Axundova böyük şöhrət gətirmişdir. “Torpağın köksündə tarixin izləri” (1983) əsərində toponimik arsenallardan, omonim, sinonim, antonim yer adlarından, onların orta əsrlərdə əks-sədasından bəhs edilir. “Dil və mədəniyyət” kitablarında isə nitq mədəniyyətinin nəzəri və təcrübi məsələləri təhlil edilir, dilimizin leksik, qrammatik normaları elmi-kütləvi üslubda şərh olunur. Ağamusa Axundov tərcümədə də qələmini sınamışdır. Onun tərcümələri xarici ədəbiyyat müntəxə-batına daxil edilmişdir.
Akademik A. Axundovun tərtib etdiyi, oxuculara təqdim olunan “Azərbaycan dilinin izahlı lüğəti” quruluşuna və tərtib prinsipinə görə tamamilə yeni-dir. Lüğət müəyyən dərəcədə normativ bir lüğətdir və sözlərin düzgün işlənmə formasına, onların məna incəliklərinin verilməsinə, hər hansı bir sözün işləndiyi sahənin hüdud və sərhədinin müəyyənləşdirilməsinə, mənalarına və qrammatik izahlarına geniş yer verilmişdir. Bununla yanaşı öz tərtib prinsipinə görə, izahlı lüğətlərin tərtibi sahəsində ilk təcrübədir. 2005-ci ildə Ağamusa Axundovun tərtib etdiyi bircildlik “Azərbaycan dilinin izahlı lüğəti” izahı verilən baş sözlərin sayına görə ən zəngin lüğət kimi geniş oxucu kütləsinin stolüstü kitabına çevrilmişdir.
Ağamusa Axundovun dilçiliyin ən mühüm problemlərinə həsr edilmiş dil və təfəkkür, dil nəzəriyyəsi, türkologiyaya, dil quruculuğu, riyazi dilçiliyə aid fundamental əsərləri təkcə respublikamızın elmi ictimaiyyəti tərəfindən deyil, dünyanın görkəmli alimləri tərəfindən də maraqla qarşılanmış, dünya dilçiliyin-də və türkologiyada yeni bir hadisə kimi qiymətləndirilmişdir.
1990-cı ildə Ağamusa Axundov Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun direktoru seçilmişdir. Elə həmin il respublikada elmin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür. Ağamusa Axundov 1990-2011-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda direktor, 2001-2011-ci illərdə AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsində işləmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının, Azərbaycan Milli Məclisinin Toponimiya Komissiyasının üzvü olmuşdur. 1991-ci ildə Dilçilik üzrə Respublika Əlaqələndirmə Şurasına sədr təyin olunmuşdur. Akademiyanın hə-qiqi üzvü A. Axundov Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının humanitar elmlər üzrə Ekspert Şurasının sədri, Beynəlxalq “Tükologiya” elmi-nəzəri jurnalının baş redaktoru, AMEA-nın “Xəbərlər” (ədəbiyyat, dil, incəsənət) jurnalının baş redaktoru, AMEA Terminologiya Komis-siyasının sədr müavini, 2001-ci ildə təşkil olunmuş Dövlət Dil Komissiyasının üzvü olmuş, Milli Elmlər Akademiyasının sanballı və ən böyük struktur bölmələrindən olan Humanitar və İctimai Elmlər Bölməsinə rəhbərlik etmişdir. Akademik A. Axundov ömrünün sonunadək (2015-ci il sentyabrın 5-dək) AMEA-nın Rəyasət Heyətində müşavir vəzifəsində çalışmışdır.
A. Axundovun elmi kadrların hazırlanmasında, gənc nəslin yetişməsində də mühüm rolu olmuşdur. Onun rəhbərliyi ilə 50-yə qədər doktorluq və namizədlik dissertasiyası müdafiə olunmuşdur. Görkəmli alim müdafiə şurası-nın sədri, Ali Attestasiya Komissiyasının Humanitar elmlər üzrə Ekspert Şura-sının sədri kimi səmərəli fəaliyyət göstərmişdir. Onun qayğıkeşliyi və rəhbərliyi ilə namizədlik və doktorluq dissertasiyaları müdafiə etmiş, elmi adlar almış yüzlərlə mütəxəssis müxtəlif ali məktəb və institutlarda öz işlərini şərəflə davam etdirir.
Yazdığı əsərləri, dərslikləri ilə Azərbaycan dilçiliyini inkişaf etdirən, tükənməz elmi istedadını, həyatını ana dilinin qorunmasına sərf edən alim Azərbaycan dilçiliyinin danılmaz lideridir. Əsl həyat məktəbi keçmiş istedadlı alim, ömrünü xalqının elminə, təhsilinə həsr etmiş bu böyük insanın yazıb-yaratmaq eşqi gənc nəsil üçün əsl həyat məktəbi, nümunə göstərilən örnəkdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti
yanında Terminologiya Komissiyasının sədr
müavini, professor Sayalı Sadıqova
Şrifti böyüt:
Çap et