Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən
mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu
qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün
genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət
qurmasında mühüm rol oynayır.
17.02.2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
1 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzində 21 Fevral Beynəlxalq Ana Dili
Gününə həsr olunmuş “Ana dilim – varlığım, mənəviyyatım” adlı tədbir keçirilib.
Tədbirin keçirməkdə məqsəd doğma ana dilimizin axıcılığını, təmizliyini,
özünəməxsusluğunu, qədimliyini uşaqlara çatdırmaq və mənəvi irsini qoruyub
saxlamaqdır.
Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə
Mahmudova Beynəlxalq Ana Dili Gününün tarixi əhəmiyyətindən, ana dilimizin
gözəlliyindən, bu dilin yaşaması üçün aparılan mücadilədən söz açmış, şagirdləri
öz doğma dillərini sevməyə və yaşatmağa səsləmişdir.
Daha sonra çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva
bu günün bir bayram olaraq müxtəlif ölkələrində necə qeyd olunduğu, dilin
yaşaması üçün vacib olan şərtləri diqqətə çatdırmışdır. Xarici dil xalqlararası
inteqrasiyanın başlıca yoludur. Bir neçə dil bilmək insanın zehni inkişafına,
dünyanı daha yaxından dərk etməyə imkan verir.
Dil başqa bir mədəniyyətə açılan pəncərədir. İkinci və ya üçüncü dil
öyrənmək həmişə yeni mədəniyyətlə məşğul olmaq və dünyanı fərqli baxışla dərk
etmək deməkdir.
E.Əliyeva öz çıxışında bildirmişdir ki, “dilin yaşaması üçün ən azı 100 min
insanın danışması lazımdır. Bütün dövrlərdə dillər doğulub, var olub, sonra ölüb,
21-ci əsrdə isə bu proses daha da sürətlənmişdir. Bunun bir səbəbini
texnologiyanın inkişafı ilə əlaqəlidir”. O, şagirdləri ana dilini qorumağa,texnologiyanın imkanlarından doğma dilimizin xeyrinə istifadə etməyə
səsləmişdir.
“1 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin direktoru
Kəmalə Abdullayeva və Mərkəzin əməkdaşları Beynəlxalq Ana Dili Günü
münasibətilə müxtəlif məktəblərin şagirdlərini bir araya yığmışdır. Tədbirdə
şagirdlər ana dilimizin gözəlliyini əks etdirən şeirlər söyləmiş, mahnılar ifa
etmişlər. Q.Mahmudova və E.Əliyeva sonda fəal şagirdlərə təşəkkürnamələr
təqdim etmişlər.
Şrifti böyüt:
Çap et