2 fevral 2023-cü il tarixində AMEA Nəsimi adına Dilçilik İnstitutunda
mərhum dilçi-alim, akademik Ağamusa Axundova həsr olunmuş Gənclər günü
tədbiri keçirilmişdir. Tədbiri açıq elan edən institutun Baş direktoru, professor
Nadir Məmmədli akademik Ağamusa Axundovun Azərbaycan elmi üçün rolunu
vurğulamış, onun Azərbaycan dilinin normalarının möhkəmləndirilməsi və bunun
təsdiq edilməsi üçün xidmətlərindən danışmışdır. Daha sonra professor Nadir
Məmmədli institutun fəaliyyətində gənclərin xüsusi yeri olduğunu bildirmişdir.
Tədbirin davamında Dilçilik İnstitutunun son 10 il ərzində fəaliyyətini,
gənclərin iştirak etdikləri tədbirlərdən, beynəlxalq və yerli konfranslardan
görüntüləri, o cümlədən KİV-də çıxışlarını, pedaqoji fəaliyyətlərini və digər
sahələrdə gördükləri işləri əks etdirən görüntülərdən ibarət videoçarx nümayiş
etdirilmişdir.
İnstitutun Gənclər günü ənənəsinə sadiq qalaraq ötən il ərzində səmərəli
elmi-ictimai fəaliyyəti ilə fərqlənən gənc alimlərə – fil.ü.f.d., dos. Şəbnəm Həsənli-
Qəribovaya, fil.ü.f.d., dos. Vəfa Abdullayeva-Nəbiyevaya, fil.ü.f.d., dos. Aysel
Qəribliyə, fil.ü.f.d. Aysel Əhmədovaya, fil.ü.f.d. Səkinə Şərifovaya, Dilbər
Camaliyə, Elnurə Hüseynovaya, Arzu İsgəndərzadəyə, Aynur Saydovaya, Aytən
Hüseynova-Qəhrəmanlıya, Xəyal Əsgərliyə, Tünzalə İsmayılovaya, o cümlədən
institutun gənc mütəxəssisləri Lalə Muradova və Təranə Hacızadəyə təşəkkürnamə
təqdim olunmuşdur.
Daha sonra institutun GAMŞ sədri fil.ü.f.d., dos. Günel Orucova çıxış
edərək Dilçilik İnstitutunda çalışan gəncləri 2 fevral – Gənclər günü münasibətilə
təbrik etmiş, gəncləri institutun Gənc Alim və Mütəxəssislər şurası tərəfindən
hazırlanmış Dilçilik tribunası layihəsində, o cümlədən müxtəlif qurumlar
tərəfindən gənc tədqiqatçılar üçün bir sıra dillər üzrə təşkil edilmiş kurslarda aktiv
iştirak etməyə dəvət etmişdir.
Tədbirin sonunda çıxış edən AMEA GAMŞ sədri k.ü.f.d. Elmir Babayev
institutun gənclərlə bağlı fəaliyyətini yüksək dəyərləndirmiş, gənclərin
nəticələrinin nəzərə alınmasında obyektivlik müşahidə etdiyini qeyd etmişdir.
Sonda bütün tədbir iştirakçıları birgə xatirə şəkilləri çəkdirmişlər. Saytda
həmin tədbirdən yer alan bütün şəkillər AMEA GAMŞ mətbuat katibi Kamran
Bağırova məxsusdur.
Şrifti böyüt:
Çap et