27 yanvarda Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri”
mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan dosent İradə Musayeva bildirib ki, türkoloji
düşüncənin tarixi qədimdir. Dövlətimiz türkoloji məsələlərə böyük dəyər verir.
Müasir dövrümüzdə türkdilli xalqlar arasında sosial-iqtisadi, mədəni əlaqələr
genişlənir, türkoloqlar tərəfindən dil sahəsindəki əlaqələrə vaxtaşırı nəzər
salınır və inteqrasiyaya, ümumtürk dilləri arasında uyğunlaşmaya və
özünəqayıdışa güclü diqqət yetirilir.
İclasda çıxış edən Dilçilik İnstitutunun baş direktoru professor Nadir
Məmmədli ölkədə türkologiya ilə bağlı müxtəlif tədbirlərin keçirilməsinin
əhəmiyyətindən danışıb. Qeyd edib ki, türk xalqlarının birliyini özündə ehtiva
edən türkologiya elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Tədbir bu
sahədə olan ən son yeniliklərin ortaya qoyulmasına və qarşıda duran
vəzifələrin müəyyənləşdirilməsinə müsbət təsir edəcək.
Tədbirdə professor Tofiq Məlikli “Türkologiyanın aktual problemləri”
mövzusunda məruzə ilə çıxış edib.
İclasda AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor
Nadir Məmmədli, icraçı direktoru dosent Baba Məhərrəmli, elmi katibi
filologiya elmləri doktoru Aynel Məşədiyeva, professorlar Mayıl Əsgərov,
İsmayıl Kazımov, Zemfira Əliyeva , dos. fil.ü.f.d Aysel Qəribli , elmi işçilər Dilbər
Camali və Arzu İsgəndərzadə iştirak ediblər.
İclasda professorlar İsmayıl Kazımov, Mayıl Əsgərov, Zemfira Əliyeva və dos. fil.ü.f.d Aysel Qəribli çıxış
edərək türkologiyanın hərtərəfli inkişafı ilə bağlı fikirlərini bölüşüblər.
Şrifti böyüt:
Çap et