18 yanvarda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Öncə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli 33 il öncə Azərbaycan xalqına qarşı törədilmiş cinayətin əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olduğunu vurğulayıb. Professor bildirib ki, 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir.
Nadir Məmmədli vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər ilə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı.
Xalqımızın öz müstəqilliyi naminə verdiyi bu şəhidlər müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoydu. Onların xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır.
Tədbirdə 20 Yanvar şəhidi Yusif Sadıqovun bacısı, Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova qardaşı ilə bağlı xatirələrini bölüşüb.
Sonra institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, professor İsmayıl Məmmədli, Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri dosent Günel Orucova xalqımızın qan yaddaşında dərin iz buraxmış Qanlı Yanvar faciəsindən danışıblar. Bildiriblər ki, 20 Yanvar faciəsi bütün dünyaya xalqımızın mətinliyinin və iradəsinin sarsılmazlığını göstərdi.
Şrifti böyüt:
Çap et