Müstəqilliyimiz bərpa olunduqdan sonra Azərbaycan dili cəmiyyətin
ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha
geniş istifadə edilməyə başlayıb, onun dövlət dili kimi maneəsiz inkişafı üçün
münbit zəmin yaranıb.
Dilimizin kütləviliyi, inkişafı, qayda və tələbləri ümummilli lider Heydər Əliyev
tərəfindən imzalanan 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında” fərmanda, eləcə də 30 sentyabr 2002-ci il tarixli
“Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunda geniş şəkildə öz əksini
tapıb.
Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunda göstərilir ki,
Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil
dövlətçiliyinin başlıca göstəricilərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf
etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-
mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun
konstitusiyaya uyğun olaraq respublikamızda Azərbaycan dilinin dövlət dili kimi hüquqi
statusunu nizamlayır. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının
borcudur. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi,
ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. Azərbaycan
Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir.
XX yüzillik də Azərbaycan ədəbi dilinin ən sürətli tərəqqisi dövrü kimi tarixə yazılıb.
Məhz bu dövrdə dilimizin funksional imkanları genişlənib, üslubları zənginləşib, dilin
daxili inkişaf meylləri əsasında yazı qaydaları cilalanıb.
Hazırda Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə qrammatik quruluşu,
zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı
normaları var. Bu gün cəmiyyət həyatının bütün sahələrində Azərbaycan dilinin geniş
işlədilməsi imkanları mövcuddur.
Bütün bunlara dövlətçilik tariximizdə o qədər də asanlıqla nail olunmayıb. Müstəqil
Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan
Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilib. Hər hansı bir dilin dövlət
statusu alması, şübhəsiz ki, hər bir dövlətin formalaşması ilə bilavasitə bağlı olub.
Xalqımızın tarixində Azərbaycan dili XVI əsrdə Səfəvilər hakimiyyəti dövründə dövlət dili
səviyyəsinə qalxsa da, milli dövlətçiliyin itirilməsi nəticəsində həmin ənənənin uzun
müddət yaşadılması gerçəkləşməyib. Yalnız 1918-ci ildə Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük
imkanlar açılıb. Bu sahədə bəzi addımlar atılsa da, gənc respublikanın ömrünün qısa
olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar
edilməsinə imkan verməyib.
Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin inkişafında müstəsna xidmətlər
göstərib. Dahi şəxsiyyət çıxışlarının birində bu barədə deyib: “1921-ci ildə qəbul
olunmuş ilk Azərbaycan Konstitusiyasında dövlət dili ilə bağlı heç bir maddə yoxdur.
1937-ci ildə də qəbul edilmiş Azərbaycan Konstitusiyasında dövlət dili haqqında heç bir
maddə olmayıbdır... 1977-1978-ci illərdə biz yeni Konstitusiyanı qəbul edərkən bu,
şübhəsiz ki, əsas məsələlərdən biri idi. Biz yeni Konstitusiyada Azərbaycan dövlət dilinin
Azərbaycan dili olması barədə maddə hazırladıq… Mən həmin Konstitusiyanı
hazırlayan komissiyanın sədri idim və bu işlərə rəhbərlik edirdim. 1978-ci ildə, səhv etmirəmsə, aprel ayında biz Konstitusiyanı qəbul etdik. Həmin Konstitusiyada yazıldı ki,
Azərbaycanın dövlət dili Azərbaycan dilidir”.
Şübhəsiz ki, müstəqilliyin ən mühüm atributlarından biri dil məsələsidir.
Hakimiyyətə gələn Xalq Cəbhəsi dövlət dilinin Azərbaycan dili yox, türk dili ilə əvəz
olunmasını, beləliklə, tarixi həqiqətin “geri qaytarılması”na təşəbbüs etdi. Bütün dövlət
strukturlarında, orta və ali məktəb dərsliklərində Azərbaycan kəlməsinin türk sözü ilə
əvəz olunması ictimaiyyət tərəfindən narazılıqla qarşılandı. Məsələnin ciddiliyini nəzərə
alan ümummilli lider bununla bağlı müzakirələr keçirdi və xalqımız 1995-ci il noyabrın
12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, Azərbaycan Respublikasının
dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi.
Yeri gəlmişkən, elmi ictimaiyyətə məlumdur ki, obyektiv səbəblərə görə
Azərbaycan və Türkiyə türklərinin minilliklər boyu paylaşdıqları türk dili sonralar müxtəlif
yönümdə inkişaf edib. “Azərbaycan dili” anlayışı “Azərbaycan – türk dili” modelinin tərkib
hissəsidir. Bu, ilk növbədə, türklərin tarix səhnəsində etnos diferensiasiyası ilə bağlıdır.
Türk dili Azərbaycan dili anlayışını həm keçmişə bağlayıb, həm də gələcəyə gətirib
çıxarıb. Türk dili bütün türk dilləri üçün ümumi ad olaraq, daha sonralar regional
təzahürləri ilə adlandırılıb.
Yuxarıda qeyd edilən iki günlük müzakirələrin davamında yekun nəticə belə oldu:
1) türk dili; 2) Azərbaycan türk dili və ya Azərbaycan türkcəsi; 3) Azərbaycan dili.
Müzakirələrin 5 noyabr 1995-ci il tarixli yekun iclasında ulu öndər çıxışında dedi:
“...1978-ci ildə qəbul edilmiş Konstitusiyada Azərbaycan dövlət dili Azərbaycan dili
yazıldığına və on illər müddətində Azərbaycan dili həyatımızın hər yerində bərqərar
olduğuna görə biz layihənin 23-cü maddəsində yazdıq ki, “Azərbaycanın dövlət dili
Azərbaycan dilidir”.
Dahi şəxsiyyət daha sonra tarixi köklərimizə, keçmişimizə hörmətlə yanaşaraq
bildirdi: “Bu dövr bizim üçün, ədəbiyyatımız, tariximiz üçün böyük bəhrəli, məhsuldar bir
dövrdür və bu dövrdə dilimiz inkişaf edibdir. Tarixi köklərimizə, tarixi keçmişimizə böyük
hörmət və ehtiramımızı bildirərək, eyni zamanda bu gün deməliyik və mənəvi haqqımız
var deyək ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb, özünəməxsus
adını götürüb və gəlib dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişdirib başqa ad
qoymaq heç bir nöqteyi - nəzərdən düzgün deyil - həm tarixi nöqteyi - nəzərdən, həm
fəlsəfi nöqteyi-nəzərdən, həm Azərbaycan dövlətçiliyi nöqteyi-nəzərindən, ölkəmizin
nöqteyi-nəzərdən, həm Azərbaycanın dövlətçiliyi nöqteyi-nəzərindən, ölkəmizin bu günü
və gələcəyi nöqteyi-nəzərindən düzgün deyil”.
Müdrik şəxsiyyət tarixi keçmişimizin dərslərini yada salır, unutmamağı, ibrət almağı
tövsiyə edirdi. Onun müəllifi olduğu azərbaycançılıq fəlsəfəsi bu gün bütün dünyaya
səpələnmiş həmvətənlərimizi birləşdirən milli ideologiyadır. O, keçmişimizi, soy-
kökümüzün ünvanını da doğru-düzgün göstərərək deyirdi: “Bizim keçmişimiz məlumdur,
biz onu inkar etmirik, - yenə də deyirəm, biz türk mənşəli bir xalqıq. Bizim dilimiz türk
dilləri qrupuna məxsus dildir. Ancaq o 23 dil kimi, bizim də öz dilimiz var”.
Beləliklə, müstəqil Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr referendumu
ilə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olundu.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanda oxuyuruq:
“Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi
dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün
münbit zəmin yaranmışdır… Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun
tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və
dolğun olmasına təkan verir.
Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını
müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə
onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O,
xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını
qoruyub möhkəmləndirmişdir”.
Ümummilli lider Heydər Əliyev dövlət dili probleminin tarixi-fəlsəfi, hüquqi və milli-
mənəvi konsepsiyaya əməl olunmaqla həllini gerçəkləşdirmək işinə böyük önəm verdi.
Ulu öndərin qarşıya qoyduğu bu vacib məsələ Azərbaycan dilçiləri tərəfindən
sosiolinqvistik planda müvəffəqiyyətlə yerinə yetirildi. Akademik Ağamusa Axundov
dövlət dilimizin adını Azərbaycan dili kimi tanınmasını (de-yurye, de-fakto) tarixilik və
dövlətçilik baxımından demokratik tərzdə hərtərəfli əsaslandırdı. Bununla da dilimizin
adı və məzmunu həm siyasi, həm də elmi cəhətdən birmənalı şəkildə təsbit olundu.
Dahi şəxsiyyətin Azərbaycan dilinin inkişafındakı xidmətlərindən danışarkən bir
məsələni də mütləq xatırlatmalıyıq. Bu, 1990-cı il sentyabrın 11-də əlifba komissiyasının
yaradılması ilə bağlıdır. Təklif olunan əlifba Azərbaycan Respublikası Ali Soveti Milli
Şurasının 25 dekabr 1991-ci ildə keçirilən iclasında müzakirəyə çıxarılır və “Latın
əlifbası əsaslı Azərbaycan əlifbasının islah edilməsi haqqında” Azərbaycan
Respublikasının qanunu qəbul edilir. Yeni əlifbanın təsdiqindən sonra da müzakirələr
səngimir. Lakin müxtəlif səbəblərdən 10 il latın qrafikalı yeni əlifba kirill əlifbası ilə
paralel işlənir, yalnız ulu öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli fərmanından
sonra bütün Azərbaycan ərazisində latın əlifbasına keçilir.
Bu məqamda qeyd etmək yerinə düşər ki, 2001-ci il avqustun 1-də Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günü kimi elan edilməsi ilə iki əlifbadan istifadəyə birdəfəlik
son qoyuldu. Latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust
ayında bütövlükdə təmin edilməsi və yeni əlifbadan istifadəsi müstəqil Azərbaycan
Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə
oldu.
Ölkəmizin tarixində ilk dəfə ana dili və onun əlifbasının şərəfinə ayrıca günün təsis
olunması müstəqil dövlətimizin ana dilinə nə qədər ciddi yanaşdığını əks etdirən tarixi
amildir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və 1995-ci ildə
ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası,
“Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9
avqust tarixli fərmanı dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı
üçün zəruri olan tədbirləri müəyyənləşdirib.
Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya
xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın
qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanun qəbul
olunması ilə nəticələndi.
Azərbaycan dilini sevmək, qorumaq, onun işləkliyini gerçəkləşdirmək, təbliğ etmək
barədə ümummilli lider Heydər Əliyev olduqca dəyərli fikirlər söyləyib: “Hər bir xalqın
milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də
demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı
çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini – dövlət dilini yaxşı bilsin. Bizim çox
gözəl, zəngin, cazibədar dilimiz var. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan
xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu
babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi
kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
Ana dilimizi qorumaq üçün böyük addımlar atan ümummilli liderin siyasi xətti
Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-
cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında” Sərəncamı ilə davamlı şəkildə latın qrafikalı Azərbaycan
əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır.
Bütün bunlarla yanaşı, həmin il yanvarın 14-də “Azərbaycan Milli
Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya
ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan
əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın
bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib.
Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və
ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli sərəncamı ilə
təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və
zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının
məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması,
dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik
araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı
istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq
səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə
əlaqələndirilməsini nəzərdə tutur.
Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş
istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli
sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi
baxımından xüsusi əhəmiyyət kəsb edir.
Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin
saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı
tədbirlər haqqında” Fərmanı isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində
saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan
dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış
mühüm addımlardan biridir.
Nadir MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru,
filologiya elmləri doktoru, professor
Şrifti böyüt:
Çap et