Dekabrın 22-də AMEA-nın Əsas binasında görkəmli dilçi alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, professor Həsən Mirzəyevin anadan olmasının 95 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
Tədbir AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat və Nəsimi adına Dilçilik institutlarının birgə təşkilatçılığı ilə baş tutub.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq professor Həsən Mirzəyevin Azərbaycan dilçilik elminin formalaşmasında və inkişafında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, dilçilik elminə sanballı elmi töhfələr vermiş Həsən Mirzəyev təhsil və elm müəssisələrimiz üçün böyük bir dilçi nəsil yetişdirmişdir.
“Həsən Mirzəyev sözün əsl mənasında “el ağsaqqalı” kimi qəbul edilmiş, azərbaycançılıq məktəbi yaratmış İbrahim Mirzəlioğlunun məktəbini keçmişdir”, - deyə qeyd edən AMEA rəhbəri əlavə edib ki, görkəmli alimin dəyişməz dövlətçilik ictimai-elmi mövqeyinin təməlində ailə məktəbində keçdiyi dərs, aldığı öyüdlər, yaşadığı həyat birincilik təşkil edir.
Akademik İsa Həbibbəylinin sözlərinə görə, Həsən Mirzəyev Azərbaycan elmində, ictimai-siyasi həyatda heç zaman öz mövqeyini dəyişməyən bir alim kimi yaddaşlarda qalmışdır. Bu baxımdan onun tədqiqatları ilə xarakteri, mənəviyyatı üst-üstə düşür, bir birini tamamlayır: “Həsən Mirzəyev Sovet İttifaqı dövründə belə Azərbaycan qrammatikası ilə bağlı heç bir ideologiyaya yol vermədən, obyektiv və ciddi elmi əsərlər ərsəyə gətirmişdir. Alimin namizədlik və doktorluq dissertasiyaları bu gün də öz aktuallığını, elmi yeniliyini qoruyub saxlayır və böyük elmi-nəzəri əhəmiyyətə malikdir”.
AMEA prezidenti qeyd edib ki, profesor Həsən Mirzəyev feillə yanaşı, dilçiliyin digər istiqamətlərində də olduqca önəmli tədqiqatlar aparmış, toponimlər, folklor, dialektologiyaya dair sanballı əsərlər ortaya çıxarmış, onları sistemləşdirərək elmi qiymət vermişdir.
“Hesab edirəm ki, görkəmli alimin əsərləri, metodik-vəsaitləri, mühazirələri Azərbaycanda yeni bir dilçilik nəslinin yetişməsinə böyük təsir göstərmişdir”, - deyə o, əlavə edib.
Sonra çıxış edən Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli görkəmli alim Həsən Mirzəyevin dilçiliyin müxtəlif problemlərinə dair sanballı tədqiqatlar apardığını bildirib. Qeyd edib ki, professor Həsən Mirzəyev dilçiliyimizdə mübahisəli və hər zaman müzakirə obyekti olan bir bölməni - feil bölməsindəki boşluqları doldurmağa çalışıb və buna uğurla nail olub.
“Həsən Mirzəyev feili təsadüfən seçməmişdi. Feil hərəkət deməkdir, dilçi alim də daim hərəkətdə idi”, - deyən professor Nadir Məmmədli onun “Azərbaycan dilində feil” əsərinin elmi aktallığını saxlamaqla yanaşı, bu gün də bu sahədə aparılan tədqiqatlar üçün mayak rolunu oynadığını vurğulayıb. Bildirib ki, Həsən Mirzəyev monoqrafiyada Azərbaycan dilçilik tarixində feil nitq hissəsinin tədqiqi ilə əlaqədar ən kiçik detalı belə nəzərdən qaçırmayıb. Həmçinin feillə bağlı ən incə mübahisəli məqamları türkoloji dilçilik müstəvəsində və müqayisəli şəkildə geniş izah edib.
Professor Həsən Mirzəyevin həqiqi bir filoloq kimi el sənətinə - aşıq ədəbiyyatına da dərindən bələd olduğunu söyləyən Nadir Məmmədli onun “Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz” kitabında əsasən onomastik leksikanın tədqiqi ilə məşğul olduğunu, xüsusi adları bir küll halında bütün sahələr üzrə nəzərdən keçirdiyini diqqətə çatdırıb.
Baş direktor dilçi alimin Qərbi Azərbaycandakı toponimlərin araşdırılmasında gənc təqdqiqatçılara elmi istiqamət verdiyini qeyd edib. Həsən Mirzəyevin Dərələyəz mahalının 162 toponiminin elmi izahını verdiyini deyən professor Nadir Məmmədli onun mikrotoponimləri də araşdıraraq, topladığı bu faktların əsasında Qərbi Azərbaycanın, o cümlədən Dərələyəzin Azərbaycanın qədim torpaqları olmasını elmi dəlillərlə sübut etdiyini bildirib.
Nadir Məmmədli ümumilikdə 14 cildlik monoqrafiyaların müəllifi olan görkəmli alimin həm də yüksək ədəbi dəyəri olan şeirlər yazdığını, şeirlərinin əsas mayasında vətən, yurd sevgisinin durduğunu söyləyib.
Daha sonra Dilçilik İnstitutunun icraçı direktoru, dosent Baba Məhərrəmli “Həsən Mirzəyevin yaradıcılığında söz kökləri”, professor Sayalı Sadıqova “Görkəmli dilçi alim Həsən Mirzəyevin yaradıcılığında feil”, professor İlham Tahirov “Həsən Mirzəyev və Azərbaycan onomastikası” və dosent Təranə Şükürlü “Həsən Mirzəyevin yaradıcılığında azərbaycançılıq ideyaları” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirdə professorlar İlhami Cəfərsoy, İsmayıl Məmmədli, İbrahim Bayramov, Sevil Mehdiyeva, Qəzənfər Kazımov, Hüseyn Əsgərov çıxış edərək dilçi alimin irsinin araşdırılmasının və öyrənilməsinin vacibliyindən bəhs edib, Həsən Mirzəyevlə bağlı xatirələrini bölüşüblər.
Sonda alimin ailəsi adından çıxış edən professor Mahirə Hüseynova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Şrifti böyüt:
Çap et