“Ömər Faiq Nemanzadənin yaradıcılığında ana dili məsələləri” mövzusunda elmi sessiya

Şrifti böyüt:
Çap et

21 dekabrda AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Ömər Faiq Nemanzadənin yaradıcılığında ana dili məsələləri” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru professor Nadir Məmmədli bildirib ki, elmi sessiya Azərbaycan Prezidenti İlham Əliyevin “Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil edilib.

Nadir Məmmədli vurğulayıb ki, Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazıb. Ömər Faiq xalqa məhəbbətin ilk əlamətini dilini sevməkdə görürdü. Milli dil problemi onun yaradıcılığında aparıcı yerlərdən birini tuturdu.Ömər Faiq Nemanzadənin ana dili təəsübkeşliyini əslində onun türkçülük, maarifçilik, ziyalılıq, millətçilik idealarından kənarda öyrənə bilmərik. Çünkü Ömər Faiq Nemanzadə əsl ziyalı idi.

Sessiyada filologiya elmləri doktoru, professor İsmayıl Kazımov “Ömər Faiq Nemanzadənin məqalələrində dil məsələləri” , dosent Qətibə Mahmudova “Ömər Faiq Nemanzadə və ana dili təəssübkeşliyi” və Türk dilləri şöbəsinin böyük elmi işçisi Dilbər Camali “Ömər Faiq Nemanzadə və türkçülük” adlı məruzələrlə çıxış ediblər.

Bildirilib ki, Ömər Faiq Nemanzadənin əsərləri Azərbaycan dilinin tarixinin öyrənilməsi üçün çox əhəmiyyətli mənbədir.. Dövrünün bütün problemləri, xüsusilə də maarif sahəsindəki çatışmazlıqlar onu daim düşündürür və yazmağa sövq edirdi. Həbsə düşməyinin, repressiya qurbanı olmağının da əsl səbəbi məhz onun dil, maarif, yeni əlifba və türkçülük təəssübkeşi olması idi.