Elnarə Əliyeva Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva 19 dekabr 2022-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illik yubileyinə həsr olunmuş “Cəmiyyətin güzgüsü, şair qələmi” adlı ədəbi-bədii yaradıcılıq gecəsində iştirak etmişdir.

Tədbirin keçirilməsində məqsəd görkəmli şair Mirzə Ələkbər Sabirin həyatı və bütün dövrlərdə öz aktuallığını itirməyən yaradıcılığı ilə yetişən gənc nəsli tanış etməkdən ibarət idi.

Yubiley gecəsində Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığını özündə əks etdirən videoçarx nümayiş olunub. Həmçinin “Məktəb teatrı” və “Bədii qiraət” dərnəklərinin üzvləri şeir kompozisiyaları, satiralar və səhnəciklərlə çıxış ediblər.

Tədbirdə çıxış edən dosent Elnarə Əliyeva unudulmaz söz ustası M.Ə.Sabirin yaradıcılığından söz açmış, onun yaratdığı fəhlə, əkinçi, dövlətli, dilənçi, ziyalı, “barışna”, Fatma, Tükəzbanlar kimi kənd qadınları, bir sözlə bütün təbəqələrə malik tipik insan portretlərini təhlil etmişdir. Ustad sənətkarın “qəhrəmanları”nı, tənqid hədəflərini müasir dövrlə müqayisə etmiş, cəmiyyətimizin nə qədər tərəqqi etdiyini diqqətə çatdırmışdır.

Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin əməkdaşları, bir sıra qonaqlar, valideynlər, uşaqlar iştirak ediblər.