Dilçilik İnstitutunda Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Şrifti böyüt:
Çap et

12 dekabrda Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli dahi şəxsiyyətin misilsiz xidmətlərindən, ictimai-siyasi fəaliyyətindən, respublikanın sosial-iqtisadi və mədəni quruculuq sahəsinin inkişafındakı misilsiz rolundan danışıb.

Nadir Məmmədli qeyd edib ki, Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndərin misilsiz xidmətləri olub. Ümummilli lider Heydər Əliyevin dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib.

Professor vurğulayıb ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Görkəmli dövlət xadimi ana dilinə - Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib.

O qeyd edib ki, sovet hakimiyyəti illərində ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Dövlət Mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği Ulu Öndərin cəsarəti və düşünülmüş siyasəti nəticəsində mümkün olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra professorlar Sayalı Sadıqova, İsmayıl Məmmədli , İlhami Cəfərov, İdris Abbasov, İlham Tahirov, dosent Qətibə Quliyeva Ümummilli Liderin Azərbaycan dilinin inkişafı istiqamətində gördüyü işlərdən söz açıblar. Bildirilib ki, ölkəmizdə dil siyasətinin birmənalı şəkildə formalaşması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Ulu Öndərin adı ilə bağlıdır.