Azərbaycan Respublikası ilə Pakistan Respublikasının birlik və bərabərliyə
söykənən ictimai-siyasi, iqtisadi əlaqələrinin tarixi əsrlər əvvələ dayanır.
Pakistanın istər 44 günlük Vətən Müharibəsi dövründə, istərsə də müharibədən
sonra siyasi, strateji, eləcə də mənəvi dəstəyi Azərbaycan dövləti və xalqı üçün
əvəzolunmazdır.
Son illər Azərbaycan Pakistan arasında ikitərəfli, çoxşaxəli əlaqələr müxtəlif
elm və tədqiqat sahələrində artmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyası
Nəsimi adına Dilçilik İnstitutu dost Pakistan ölkəsi ilə dilçilik əməkdaşlığının
genişlənməsi məqsədilə institutun Baş direktoru prof. Nadir Məmmədlinin
təşəbbüsü ilə 07.12.2022-ci il tarixində institutun əməkdaşları — urdu dili üzrə
mütəxəssis Rövşən Şirxanlı və fil.ü.f.d., dos.Vəfa Abdullayeva-Nəbiyeva
Pakistanın Azərbaycandakı səfiri Cənab Bilal Hayeenin qəbulunda oldular.
Görüşdə iki ölkə arasında dilçilik əlaqələri, urdu və Azərbaycan dillərində
lüğətçilik, tərcümə və elmi-tədqiqat məsələləri müzakirə olunmuşdur. İnstitutun
əməkdaşı Rövşən Şirxanlının urdu və Azərbaycan dillərində lüğət hazırlamaqla
bağlı təklif və fikirləri dinlənilmiş, cənab səfir Bilal Hayeenin Pakistan
novellalarının Azərbaycan dilinə tərcüməsi təklifi xüsusi rəğbətlə qarşılanmışdır.
Görüşün sonunda cənab səfir Bilal Hayeeyə, Dilçilik İnstitutunun Baş
direktoru, professor Nadir Məmmədlinin məsul redaktoru olduğu, Azərbaycan
dialektologiyası şöbəsinin əməkdaşlarının hazırladıqları “Azərbaycan dilinin
Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” və “Azərbaycan dilinin Naxçıvan
dialektoloji atlası” kitabları təqdim olundu. Cənab səfir Bilal Hayee isə AMEA
Nəsimi adına Dilçilik İnstitutuna “Pakistan-Azerbaijan Relations, A Pictorial
Journey” kitabını hədiyyə etdi.
Görüşün sonunda gələcəkdə Nəsimi adına Dilçilik İnstitutu ilə Pakistan
səfirliyi arasında elmi-mədəni əlaqələrin daha da genişlənməsi qərara alındı.
Şrifti böyüt:
Çap et