MANİXEY TÜRKLƏRİN TÖVBƏ DUASI OLAN “XUASTUANİFT”İN DİLİ HAQQINDA İLK MONOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB

Qətibə Vaqif qızı Quliyeva. “Qədim türk abidəsi “Xuastuanift”in dili” Bakı, “Elm və təhsil”, 356 səh.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi f.ü.f.d., dosent Qətibə Vaqif qızı Quliyevanın “Qədim türk abidəsi “Xuastuanift”in dili” adlı monoqrafiyası çap olunub. Monoqrafiya qədim türk abidələri içində ikinci böyük qolu təşkil edən qədim uyğur abidələrindən olan “Xuastuanift”in Berlin, London və Sankt-Peterburq nüsxələri, onalrın tapılması və nəşri tarixi, qədim uyğur abidələrinin təsnifatı, qədim uyğur türkləri, onların tarixi və mədəniyyəti haqqında bilgiləri, eləcə də abidənin dil xüsusiyyətlərinin təhlilini əhatə edir. Monoqrafiyada qədim türklərin dini inancları fonunda manixey dininə tapınan uyğur türklərinin müxtəlif zamanlarda qəbul etdikləri dini inanclardan, manixeyizmin yaranmasından və türklər arasında ayayılmasından bəhs olunur. Daha sonra müəllif uyğurşünaslığın tarixi və müasir vəziyyəti barədə danışır, son illərdə qədim uyğur abidələrinin tədqiqinə həsr olunmuş əsərlər üzrində dayanır, həmin əsərləri qiymətləndirir.

Kitabda qədim uyğur-türk etnokulturoloji təfəkkürünün məhsulu olan və manixey türklərin tövbə duası olan “Xuastuanift”in dil xüsusiyyətləri qədim və orta əsrlər türk yazılı abidələri, müasir türk dilləri ilə müqayisəli şəkildə araşdırılmış, qədim uyğur türklərinin mədəniyyətinin müəyyən mərhələləri işıqlandırılmış, türkcənin təşəkkül və inkişaf tarixi fonunda abidənin türk tərcümə ədəbiyyatı tarixindəki yeri, abidənin yazıldığı dil mühiti, fonetik, leksik və qrammatik xüsusiyyətləri tarixi-linqvistik aspektdə təhlil edilmişdir.

Türkologiyada bu sahədə ilk kompleks şəkildə elmi araşdırma hesab edilən monqrafiyanın elmi redaktorları mərhum professor Məmmədəli Qıpçaq, rəyçiləri akademik Nizami Cəfərov, professor Sevil Mehdiyeva, professor Osman Fikri Sertkaya, redaktoru Dəyanət Osmanlıdır. Yeni nəşr Azərbaycanda Atatürk Mərkəzinin dəstəyi ilə işıq üzü görüb. Monoqrafiya görkəmli türkoloq, mərhum professor Məmmədəli Novruzovun (Qıpçaq) əziz xatirəsinə həsr olunub.