Elnarə Əliyevanın “Azərbaycanca-tatarca-rusca-ingiliscə” danışıq kitabçası nəşr olunub

Şrifti böyüt:
Çap et

Danışıq kitabçası türk dilləri ilə maraqlananlar, o cümlədən Azərbaycan və tatar dillərində danışmaq istəyənlərə kömək məqsədilə tərtib olunmuşdur. Kitabça tematik prinsip əsasında hazırlanmış, Azərbaycan, tatar dillərində gündəlik ünsiyyətdə aktiv istifadə olunan sözlər, söz birləşmələri, həmçinin onların rus və ingilis dillərinə tərcüməsindən ibarətdir. Danışıq kitabçasının sonunda daha çox istifadə olunan leksik vahidlər və bu dilin qrammatikası haqqında kiçik məlumat, həmçinin qrammatik terminlər öz əksini tapmışdır.
Danışıq kitabçası praktik vəsait olub, real ünsiyyətdə istifadə üçün nəzərdə tutulub. Kitabça həmçinin tatar dili ilə bağlı bilik və şifahi nitq təcrübəsini təkmilləşdirmək istəyənlər üçün də faydalıdır.
Layihənin rəhbəri akademik Kamal Abdullayev, layihəyə məsul BBMM-in icraçı direktoru Rəvan Həsənov, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimovdur.
Qeyd edək ki, “Azərbaycanca-tatarca-rusca-ingiliscə” danışıq kitabçası Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən nəşr edilib və Mərkəz tərəfindən təqdimat mərasimi keçirilib.
Ümid edirik ki, bu danışıq kitabçası Azərbaycan- tatar dostluq əlaqələrinin inkişafında faydalı olacaq.