Bişkekdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycan dilində "Türk dünyasının mümtaz oğlu Salman Mümtaz" adlı kitab nəşr olunub. AMEA Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətlinin nəşrə hazırladığı bu yeni kitab böyük Türk oğlu, Azərbaycan ədəbiyyat və mədəniyyətinin görkəmli nümayəndələrindən biri, ədəbiyyatşünas, mətnşünas, dilçi, şair, publisist Salman Mümtazın (1884-1941) yaradıcılığına həsr olunub. Kitabın elmi məsləhətçisi filologiya elmləri doktoru, professor Paşa Kərimov, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Yaqubqızı və şərqşünas, böyük elmi işçi Hacı Mustafa Mailoğludur.
Kitabda, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətlinin Salman Mümtazın elmi, ədəbi, əlyazma irsi ilə əlaqədar apardığı tədqiqatların nəticəsində aşkar etdiyi dəyərli faktlardan, xüsusilə, repressiya illərində itmiş və nəhayət, uzun illərdən sonra arxivlərdən hissə-hissə böyük bir qismini ( 70-ə yaxın şair barədə) tapdığı, toplayıb tədqiqata cəlb etdiyi "100 şair" əsərindən bəhs edilir. Kitabda həmin təzkirədən hissələr( 10 şair barədə) ərəb qrafikalı əski əlifbamızdan transfoneliterasiya edilərək ixtisarla ilk dəfə oxuculara təqdim edilir. Eyni zamanda, Salman Mümtazın köhnə latın qrafikasında nəşrə hazırladığı, bu günədək məlum olmayan və dil tarixi baxımından dəyərli "Ədəbi lüğət"indən də bir hissə ilk dəfə müasir əlifbamızda çap olunaraq diqqətə çatdırılır.
Qeyd edək ki, transfoneliterasiya, tərtib və "Salman Mümtaz: özü və sözü" adlı geniş ön sözünün müəllifi olduğu "Türk dünyasının mümtaz oğlu Salman Mümtaz" kitabına yazdığı "Bir neçə söz"də Şəlalə Ana Hümmətli hələlik kiçik bir hissəsini təqdim etdiyi bu iki qiymətli əsəri ( "100 şair" və "Ədəbi lüğət") qarşıdan gələn yubiley ilində (2024-cü ildə Salman Mümtazın anadan olmasının 140 ili tamam olur) tam şəkildə nəşrə hazırlayaraq yubileyə hədiyyə etmək arzusunda olduğunu bildirmışdir.
Sovet dövrünün 30-cu illər repressiyasının qurbanlarından olan, Vətəni, milləti, Türk dünyasını bütün varlığı ilə sevən, ədəbiyyat və mədəniyyət sahəsində misilsiz xidmətlərilə seçilən fədakar bir şəxsiyyətin - Salman Mümtazın yaradıcılığına həsr olunmuş bu kitabın qardaş Qırğızıstanda, Bişkekdə, "Uluu Toolor" nəşriyyatında nəşri Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti, Azərbaycan həqiqətlərinin, ədəbiyyat və mədəniyyətinin yorulmaz təbliğatçısı Nüsrət Məmmədovun öz xalqına daha bir gözəl töhfəsi kimi dəyərləndirilməlidir.
Qeyd edək ki, fond öz ənənəsinə sadiq qalaraq kitabı pulsuz yayacaq.
Xüsusi ilə vurğulayaq ki, fond gələcəkdə kitabı qırğız və rus dillərinə də tərcümə etdirməyi nəzərdə tutur.
Şrifti böyüt:
Çap et