AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin elmi
işçisi f.ü.f.d. İmanyar Quliyevin “Codex Cumanicus” və kuman dilinin
leksikası” adlı monoqrafiyası çap olunub. Monoqrafiya XIII-XIV əsrlərdə
Krım bölgəsində italyanlar tərəfindən latın əlifbasında tərtib edilmiş “Kodeks
Kumanikus” (Codex Cumanicus) lüğətinin kuman (qıpçaq) leksikasının
tədqiqinə həsr edilmişdir. O dövrün nadir və həcmli lüğətlərindən olan
“Kodeks” qıpçaq türklərinin dili ilə yanaşı, mədəni və məişət həyatını
öyrənmək üçün də xeyli qiymətli material ehtiva edir.
Kitabda “Kodeks”in dilində işlənmiş leksik vahidlər tarixi dilçilik
prizmasından təhlil edilir, milli leksikanın nisbəti müəyyən edilir, alınma
sözlərin qıpçaq dilinə keçdiyi dövrlərə və dilə gəlmə səbəblərinə toxunulur.
Həmçinin “Kodeks”də kuman lüğətinin tematik bölgüsü verilir, dini leksika,
dini məna yüklənmiş milli sözlər, kumanların məişət həyatında xəzərlərin
izləri, qədim türk inanclarının dildə qalıqları kimi məsələlər tədqiqata cəlb
edilir. Eyni zamanda kuman dilində söz yaradıcılığı müxtəlif aspektlərdən
işıqlandırılır. Ölkəmizdə bu sahədə ilk sistemli elmi araşdırma hesab edilən
monqrafiyanın elmi redaktorları f.e.d., prof. Nadir Məmmədli və f.e.d., prof.
İsmayıl Kazımov, rəyçiləri f.e.d., dos. K.Bəşirov, f.e.d., dos. İ.Cəfərov,
f.ü.f.d., dos. Z.Teymurlu və f.ü.f.d. N.Qafarovdur. Monoqrafiya görkəmli
türkoloq, mərhum professor Məmmədəli Novruzovun əziz xatirəsinə həsr
olunub.
Şrifti böyüt:
Çap et